Medianews.az
Qvadelupadan Parisə sərt cavab:
94 baxış

Qvadelupadan Parisə sərt cavab: Dekolonizasiya Fransanın daxili işi deyil

Qvadelupada fəaliyyət göstərən “MIR Guadeloupe” təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Jan-Pyer Fransa hakimiyyətinin Dənizaşırı ərazilərlə bağlı müstəmləkəçi siyasətinə və dekolonizasiya çağırışlarını “daxili işlərə qarışma” kimi təqdim etmək cəhdlərinə sərt cavab verib. O, Fransa Prezidenti Emmanuel Makrona, Fransa Milli Assambleyasının deputatı Nikolas Metzdorfa və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə məktublar ünvanlayıb.

Bu barədə Medianews.az-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Məlumatda qeyd olunub ki, məktublarda Fransa parlamentarilərinin Azərbaycanın Dənizaşırı ərazilərin dekolonizasiyasının başa çatdırılması ilə bağlı mövqeyini “müdaxilə” kimi qələmə verməsi qətiyyətlə rədd edilir. Vurğulanır ki, hər hansı dövlətin müstəmləkə idarəçiliyi altında olan ərazilərin statusunu beynəlxalq hüquq kontekstində gündəmə gətirməsi Fransanın daxili işlərinə qarışmaq deyil. Əksinə bu, BMT üzvlərinin müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı üzərinə götürdüyü kollektiv öhdəliyin ifadəsidir.

Qvadelupalı siyasi fəal rəsmi Parisə xatırladır ki, Yeni Kaledoniya və Fransa Polineziyası bu gün də BMT-nin dekolonizasiya edilməsi olan ərazilər siyahısındadır. Buna görə də həmin ərazilərin müstəmləkə statusunun beynəlxalq səviyyədə müzakirə edilməsini “xarici müdaxilə” adlandırmaq hüquqi və siyasi baxımdan əsassızdır. Bu ərazilərin vəziyyəti hər il BMT-nin C-24 Komitəsi və Baş Assambleyanın Dördüncü Komitəsi çərçivəsində nəzərdən keçirilir.

Məktublarda Fransanın Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasının guya könüllü şəkildə Fransaya birləşməsi barədə iddiaları da ifşa olunur. Bildirilir ki, 1946-cı ildə qəbul edilən departamentləşdirmə qanunu həmin xalqların iştirakı olmadan, heç bir referendum və birbaşa ümumxalq səsverməsi keçirilmədən Fransa parlamenti tərəfindən birtərəfli qaydada qəbul edilib. Bir il sonra bu ərazilərin BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılması da rəsmi Parisin birtərəfli qərarı əsasında həyata keçirilib. Beləliklə, Fransanın istinad etdiyi “azad seçim” heç vaxt həmin xalqların iradəsi ilə təsdiqlənməyib.

J.Jan-Pyer Fransanın hüquqi bərabərlik haqqında bəyanatlarının Dənizaşırı ərazilərdəki real vəziyyətlə ziddiyyət təşkil etdiyini də konkret faktlarla göstərir. Rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi Qvadelupa və Martinikdə metropol Fransa ilə müqayisədə yüksək olaraq qalır. Antil adalarında xlordekon adlı zəhərli pestisidlə çirklənmənin yetkin əhalinin 80 faizindən çoxuna təsir etdiyi, bu hadisənin Fransa məhkəmələri tərəfindən belə “sanitar qalmaqal” kimi tanındığı vurğulanır.

BMT-nin C-24 Komitəsinə ünvanlanan məktubda Yeni Kaledoniya və Fransız Polineziyasına BMT missiyasının göndərilməsi və müstəqillik seçiminin verilməsi tələb olunur. Eyni zamanda, Fransadan Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasının 1947-ci ildə hansı hüquqi əsaslarla BMT siyahısından çıxarıldığı barədə hesabat istənilməsi, bu xalqların beynəlxalq hüquq baxımından ayrıca xalq statusunun tanınması və öz müqəddəratlarını təyin etmək üçün referendumların keçirilməsi təklif edilir.

E.Makrona göndərilən məktubda isə Parisə açıq çağırış edilir: dekolonizasiya hüququnun legitimliyini mübahisələndirmək əvəzinə, Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün Dənizaşırı ərazilərin sakinlərinin ayrıca xalq statusu tanınmalı, Yeni Kaledoniya və Fransız Polineziyasında BMT-nin himayəsi altında real öz müqəddəratını təyinetmə prosesi başlanmalı, Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasında isə 1946-cı ildən bəri keçirilməyən referendumlar nəhayət təşkil edilməlidir.

“Qvadelupa xalqının səsi Azərbaycanın qaldırdığı dekolonizasiya gündəliyi və Bakı Təşəbbüs Qrupunun formalaşdırdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatır. BTQ müxtəlif qitələrdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ayrı-ayrı mübarizələrini vahid beynəlxalq siyasi və hüquqi gündəlik ətrafında birləşdirir, onların mövqelərini BMT səviyyəsinə daşımasına imkan yaradır”.

Qvadelupadan ünvanlanan bu məktublar rəsmi Parisə verilən növbəti aydın cavabdır: müstəmləkəçilik “daxili iş” adı altında gizlədilə bilməz. Fransa təhdid və diplomatik təzyiqlərlə dekolonizasiya tələbini susdurmaq əvəzinə, əsrlər boyu hüquqları əlindən alınmış xalqların azad seçim, müstəqillik və öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.

Bizə qoşulun