Medianews.az
Narsistlər həqiqətən özləri haqqında nə düşünür? -
113 baxış

Narsistlər həqiqətən özləri haqqında nə düşünür? - Yeni araşdırma

Yeni elmi araşdırma narsisizmin bəzi hallarda müəyyən üstünlüklərlə əlaqəli ola biləcəyini göstərib.

Medianews.az xəbər verir ki, mütəxəssislər narsist insanların özünəinam, xoşbəxtlik və psixoloji rifah səviyyəsi ilə bağlı maraqlı nəticələr əldə ediblər.

Araşdırmada narsisizmin iki əsas tipi – qrandioz (özünü həddindən artıq üstün görən) və həssas narsisizm ayrı-ayrılıqda təhlil olunub. Böyük Britaniyanın Sauthempton Universitetinin alimləri 52 mindən çox insanı əhatə edən 100 əvvəlki tədqiqatın nəticələrini ümumi elmi təhlil üsulu ilə araşdırıblar.

Nəticələrə görə, qrandioz narsistlər daha yüksək özünəinam, nikbinlik, yaradıcılıq və təsir gücü ilə seçilirlər. Xüsusilə fərdiyyətçiliyin üstünlük təşkil etdiyi cəmiyyətlərdə bu tip insanların özlərini daha xoşbəxt və məmnun hiss etdiyi müəyyən olunub.

Alimlər bildirirlər ki, bu şəxslər mənfi rəyləri çox vaxt qəbul etmir, tənqidlərə qarşı psixoloji müdafiə mexanizmləri formalaşdırırlar. Bu da onların özünəinamını qoruyub saxlamasına kömək edir.

Buna qarşılıq, həssas narsistlərdə daxili gərginlik, utanc, qısqanclıq və aşağı özünəinam daha çox müşahidə olunur. Araşdırmaya əsasən, bu qrup şəxslər həm fərdi, həm də sosial baxımdan daha aşağı psixoloji rifah göstəricilərinə malikdir.

Mütəxəssislər vurğulayırlar ki, xoşbəxtlik təkbaşına yüksək psixoloji rifah demək deyil. Tənqid, uğursuzluq və həyatda qarşılaşılan çətinliklərdən nəticə çıxarmaq bacarığı insanın inkişafı üçün əsas amillərdən biri hesab olunur.

Araşdırmanın nəticəsinə görə, real və balanslı özünüdərk, həddindən artıq şişirdilmiş özünəinamdan daha sağlam psixoloji inkişaf və daha dolğun həyat məmnuniyyəti yarada bilər.

Medianews.az

 

 

Bizə qoşulun