Son zamanlar süni intellekt proqramlarının mahnı bəstələməsi, hətta onları səsləndirməsi müşahidə olunur. Bu kimi ifalar, musiqi sosial mediada da gündəm olub. Ortaya sual çıxır: süni intellekt müğənni və bəstəkarları əvəz edə bilərmi? Yaxud süni intellekt müğənnilik, bəstəkarlıq sahəsində spekulyasiyalara, manipulyasiyalara yola aça bilərmi?

Medianews.az-ın suallarını cavablandıran Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə bildirib ki, süni intellekt yeni dövrün meydana çıxan, yenilənməkdə olan bir alətidir: “Süni intellekt funksiyaları qarşımızda geniş imkanlar açır. Mən bundan çəkinməyin, ehtiyatlanmağın əleyhinəyəm. Onunla işləmək, ondan yararlanmaq, bir alət kimi ondan istifadə etmək gərəkdir”.
Süni intellektin müğənni və bəstəkarları əvəzləməsi məsələsinə gəlincə, Türkər Qasımzadə qeyd edib ki, yaradıcılığın mahiyyətində orijinallıq, autentiklik dayanır: “Yəni onun bənzərsiz tərəfləri olur. Süni intellektin yaradıcı insandan fərqi ondadır ki, o, artıq olanı təhlil edib öyrənərək nələrisə tətbiq etməyi bacarır. Tamamilə yeni bir sənət əsərinin ortaya çıxması isə insan istedadının, insan zəkasının bəhrəsidir. Məncə, bəstəkarlar, musiqiçilər süni intellektdən faydalana bilərlər, amma süni zəkanın onları tam əvəz etməsi çətindir”.

Türkər Qasımzadə vurğulayıb ki, süni intellekt daha çox tirajlama vasitəsidir: “Süni intellekt mövcud olanın üzərində iş aparmaqla, mövcud texnika, janr, stil və ya bunların cəmini öyrənib təhlil etməklə, insanın ona verdiyi tapşırığı yerinə yetirir, ortaya nəsə çıxarır. Tapşırığın ona verilməsi məsələsi çox önəmlidir. Burada insan faktoru ilə qarşılaşırıq. Tutalım, akademik musiqidə tamamilə yeni bir çığırın açılması süni zəkadan deyil, insan faktorundan qaynaqlana bilər. Düşünürəm ki, yaxın gələcəkdə də proses belə davam edəcək. Süni intellekt proqramları bəstəkarların, rəssamların, rejissorların əlində bir vasitə olacaq. Yəni onu sənət alətlərinin bir hissəsi kimi qəbul etmək mümkündür.
İstər-istəməz süni intellekt tapşırığı kompozisiya quran adamdan, bəstəkardan alacaq. Bəstəkarların bu proqramlardan sadəcə olaraq yeni bir alət kimi istifadə edəcəyini düşünürəm. Bunun çoxlu uğurlu nəticələrini görəcəyimizə də inanıram”.
Nailə Qasımova,
Medianews.az