Portuqaliya Futbol Federasiyası (PFF) milli komandanın baş məşqçisi Roberto Martineslə yollarını ayırdığını rəsmən açıqlayıb.
Medianews.az xəbər verir ki, rəsmi məlumatına görə, ispaniyalı mütəxəssisin müqaviləsinin müddəti 8 iyul 2026-cı ildə başa çatıb və tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəliblər
PFF-nin yaydığı bəyanatda Martinesə son üç il yarım ərzində göstərdiyi fəaliyyətə görə təşəkkür edilib.
"Federasiya Roberto Martinesə və məşqçilər korpusuna son üç il yarım ərzində nümayiş etdirdikləri peşəkarlıq, fədakarlıq və Portuqaliya futboluna göstərdikləri hörmətə görə təşəkkür edir. Bu dövr 2025-ci il UEFA Millətlər Liqasındakı qələbə ilə yadda qaldı", – deyə bəyanatda bildirilir.
Bundan əlavə, federasiya sosial şəbəkə hesablarında baş məşqçinin iştirakı ilə hazırlanmış vida videosunu da paylaşıb.
PFF prezidenti artıq yeni baş məşqçinin seçilməsi prosesinə start verildiyini açıqlayıb.
Roberto Martines 2023-cü ilin yanvarında Portuqaliya millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 2025-ci ildə UEFA Millətlər Liqasının qalibi olub, həmçinin 2026-cı il dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Portuqaliya həmin turnirin 1/8 finalında İspaniyaya məğlub olaraq mübarizəni dayandırıb./Ajans.az