Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanında belə bir səhnə var ki, İbrahim xan ova gedəndə boğazı dualı köpək görür. Qəzəblənir, itin yiyəsini cəzalandırmaq istəyir, deyir nə cürətlə dinimizi təhqir etmisən, itə dua yazdırıb asmısan və sairə. Lakin “duanı” açıb oxuyurlar, görürlər yazılıb: “Gözüm düşdü ətinə, Dua yazdım itinə, Bu sirri kim açsa, Bu çobanın ...inə”. (Nöqtələrin yerindəki sözü qafiyəyə uyğun təsəvvür eləmək çətin deyil – Z.H.). Yumor xanın xoşuna gəlir, deyir “duanı” yazan mollanı tez tapın, hüzuruma gətirin. Tapıb gətirirlər, molla deyir ki, xan sağ olsun, mənim günahım yoxdur, bu zırrama bir şaqqa ət gətirmişdi, dedi itimə dua yaz, göz dəyməsin. Gördüm əl çəkmir, bunu yazıb başımdan elədim. Sonra İbrahim xan həmin ağıllı mollanı sarayda işə götürür və güman edirəm artıq onun kimliyini başa düşmüsünüz.
Molla Pənah Vaqifə aid olunan bu əhvalat, prinsipcə, günümüzdə də müxtəlif şəkillərdə yaşanır. Adamlar bilmədikləri dildə dua oxuyur, cadu-piti yazdırır, hətta yapon heroqlifiylə tatu elətdirən yoldaşlar vardır. Bu temada lətifə də var, deyir, bir nəfər qoluna heroqlif döydürür, sonra görür küçədə yapon baxıb gülür. Soruşur nəyə gülürsən, yapon deyir: “Heç, sənin bu qolundakı yazının mənası bizim dildə “Təkrarən dondurmaq olmaz” deməkdir”. Sən demə tatu ustası bu şöhrətamiz yazını toyuq etiketindən götürübmüş.
Qonşuda yas mərasimi vardı, dövlət nümayəndələri də ədəb-ərkan baxımından varıb getmişdilər, içlərində bizimkilər olmaqla. Oradan gələn informasiyada qəribə mövzu açılmışdı, sən demə iranlı mollalar hər ölkəyə uyğun (öz ağıllarına görə, təbii ki) ayə oxudurmuşlar. Pis çıxmasın, söz soxurmuşlar yəni.
Başsağlığı üçün gələn adama söz soxmaq nə dərəcədə mərifətlidir, bunu hələ qoyaq qırağa. İşin tragikomik cəhəti odur ki, bizim nümayəndə heyətinin ərəbcə anladığını və həmin Quran ayələrinin mənasını başa düşdüyünü qəti zənn etmirəm. Üstəlik, lap ərəbcə anlayanlarımız da bu tip söhbətlərdə qəti qərara gələ bilməyib, hərə ayələri bir cür tərcümə edir. Nəticə budur: İranın atdığı “yas raketləri” çöllüyə düşmüşdür.
Rəsmi törənlərdə, tədbirlərdə belə simvolik mesajlar vermək dəbi çox ölkədə var. Məsələn, NATO sammiti üçün Ankaraya gələn qonaqlara cürbəcür “Mehtər marşları” çalınırdı, Yunanıstan baş naziri Miçotakis qarşılanarkən “Cəddin Dədən” marşını ifa etmişlər. Marşın sözləri, həqiqətən çox qonaqpərvərdir, əlbəttə, əgər Miçotakis türkcə qanırsa: “Ceddin deden, neslin baban, En kahraman Türk milleti, Orduların, pek çok zaman, Vermiştiler dünyaya şan, Türk milleti, Türk milleti, Aşk ile sev milliyeti, Kahret vatan düşmanını Çeksin o melun zilleti”.
Bu, təxminən ona bənzəyir ki, Nikol Paşinyanı Bakıya hansısa tədbirə dəvət edirik və onu qarşılama mərasimində Nurlan Ordubadlının ifası səslənir: “Cəm edib Azərbaycan vətən övladlarını, Keşiyində görə hər an vətən övladlarını, Vətən uğrunda verən can vətən övladlarını, Qızıl hərflə yazır yaddaşa Azərbaycan, Yaşa, Azərbaycan”.
Hərçənd, dünyanın işini nə bilmək olar, biz gərək uyğun protokolu indidən hazırlayaq. Ən aşağısı “Sarı gəlin” oxutmalıyıq.
Belçika müdafiə nazirinin başına gələn də başqa ekzotik əhvalatdır. Adam Atatürk aşiqidir, Anıtqəbir mavzoleyində hətta diz çökmüşdü. İndi isə NATO tədbirində Atatürk rəsmi önündə fotosunu silməyə məcbur ediblər. Səbəb... rəsm önündə ayağını ayağı üstünə aşırıb oturmasıymış. Türklər fotoya şərh yazıb ki, abi, lider önündə bu cür oturuş bizdə pis qarşılanır.
Gör camaat nə qədər bekar qalıbdır, nələrə diqqət edir, nələrdən inciyib küsürlər.
Bax, vəziyyət bu cür qəlizdir. Başqa klassikin yazdığı kimi, biri deyir oxu, biri deyir oxuma...
Zamin Hacı