Medianews.az
Moskva vilayətinin hərbçilər yaşayan rayonunda partlayış – VİDEO -
214 baxış

Moskva vilayətinin hərbçilər yaşayan rayonunda partlayış – VİDEO - Apreldə orada general öldürülmüşdü

Moskva vilayətinin Balaşixa şəhərində BMW markalı avtomobil partlayıb, sürücü həlak olub.

Medianews.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, partlayış səhər saat 5:30 radələrində Aviatorlar mikrorayonunda, Koldunov küçəsində baş verib. İstintaq Komitəsinin açıqlamasına görə, avtomobil hərəkətdə olarkən partlayıcı qurğu işə salınıb.

Sürücü çoxsaylı xəsarətlər alıb və hadisə yerində ölüb.

İstintaq Komitəsi cinayət işinə başlayıb. İşin hansı maddə ilə araşdırıldığı hələ bilinmir.

Rusiyanın güc strukturlarına yaxınlığı ilə tanınan “Mash” teleqram kanalı yazır ki, partlayış sürücü avtomobilə əyləşdiyi anda baş verib.

2025-ci ilin aprelində də Aviatorlar mikrorayonunda avtomobil partladılmışdı. Həmin hadisə nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin müavini, general Yaroslav Moskalik həlak olmuşdu. Yerli sakinlər həmin ərazidə çoxlu hərbçinin yaşadığını bildirirdilər.

Partlayışdan bir gün sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) terror aktının icraçısı kimi İqnat Kuzin adlı şəxsin saxlandığını açıqlamış, onu “Ukrayna xüsusi xidmət orqanlarının agenti” adlandırmışdı. Məlumata görə, Kuzinin Ukraynada yaşayış icazəsi var. FSB-nin versiyasına əsasən, bombanı avtomobilə məhz Kuzin yerləşdirib. 2025-ci ilin noyabrında o, ömürlük həbs cəzasına məhkum edilib.

Medianews.az 

Bizə qoşulun