2026-cı ildə dövlətin Azərbaycan Kitab Mükafatı elan etməsi gözlənir. İlkin rəsmi bilgiyə görə, Prezident fərmanı ilə təsdiqlənəsi 50 min manatlıq mükafat hər il bir müəllifə veriləcək, qalib əsər xarici dillərə tərcümə edilib yayılacaq.
Müsabiqəyə nəsr (roman və hekayə) və poeziya (şeir və mənzum hekayə) nümunələrini nəşriyyatlar və ədəbi orqanlar təqdim edə bilər.
Birinci mərhələdə - sentyabr ayında ekspertlərin 10 əsərdən ibarət uzun siyahı tərtib edəcəyi, noyabr ayında xüsusi komissiyanın 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcəyi, həmin ay laureatın elan olunacağı bildirilir.
Bu təşəbbüs necə qarşılanır? Məsələn, povest təqdim etmək olarmı? Ədəbi tənqid nümunəsi necə?
Ədəbi mükafat necə olmalıdır? Mükafatın əsasnaməsinin tərtib olunmasına kimlər cəlb olunmalıdır?
Ekspertlər kimlər olmalıdır?
Təqdimat - başqa media qurumları (məsələn, saytlar) əsər təqdim edə bilərmi?
Medianews.az saytı bu suallarla Gürcüstanda yaşayan şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahimxəlilə müraciət edib.
İbrahimxəlilin sorğuya verdiyi yazılı cavabı oxucularımızın diqqətinə çatdırırıq.
Kimin kitabını yuyaq
Azərbaycanda Kitab Mükafatı mövzusu ilə bağlı sorğuya məni də dəvət etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm!
İzninizlə, arazbarı uzaqlardan başlayım:
1929-cu ildə Gürcüstana ədəbiyyat-mədəniyyət bayramına gələn azərbaycanlı yazarlar arasında Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Hacı Kərim Sanılı, Cabbar Əfəndizadə, Seyid Hüseyn, Süleyman Rüstəm, Məmməd Rahim, Mikayıl Müşfiq və başqaları olub (Yeri gəlmişkən, onda Müşfiqin 21 yaşı var imiş).
Qatar Tiflis vağzalına yaxınlaşırmış. Lakin hələ heç kəs yerindən qalxmaq istəmirmiş. Haqverdiyevlə Mirzə Cəlil hamıdan tez durub əl-üzlərini yuyub geyiniblərmiş. Haqverdiyev bir sədr kimi yazarlara müraciət edir:
– Uşaqlar, Tiflisə az qalır. Tez, qalxın, əl-üzünüzü yuyun!
Bir hərəkət əlaməti görünmür.
Bu zaman hər şeyi dərindən duyan Mirzə Cəlil Məmmədquluzadə Haqverdiyevin dadına çatır:
– Əbdürrəhim, uşaqlar əl-üzlərini yumasalar yaxşıdır. Qoy Tiflis camaatı görüb və agah olsun ki, biz mazutlu Bakıdan gəlirik, bəli, bəli, mazutlu, Bakıdan.
Bu sözlər hədəfə dəyir. Hamı əl-üzünü yumağa gedir...
...Bir dəfə Bakı səfərlərimin birində unudulmaz şair dostum Nizami Paşa Saraclı:
– Təzə kitabım çıxıb, gedək xudmani bir yerdə əyləşək, yuyaq kitabımı, – demişdi.
Əslində kitablar bizi yuyur, təmizləyir, aydınlıqlara çıxarır.
Məgər öz ölməz “Hophopnamə”si ilə kirimizi-pasımızı azmı yudu Mirzə Ələkbər?
...Lakin indi qələm-kitab duyğuları dairəsinə aid bəzi “aktivist yazarlar”ın Kitab Mükafatı sorğusu ilə bağlı cavablarını oxuyanda heyrətə gəlir adam: sanki, eynən futbolda olduğu kimi, ədəbiyyatımızda da bir VAR sistemi qurmağa çalışırlar; əllə oyun olubmu, hakim oyundankənar vəziyyəti niyə görməyib, penalti olmalıydı axı... Azərbaycanda müsabiqələr şəffaf deyilmiş, titullu yazarlar mükafatdan uzaq tutulmalıdır, sənətdə “travmatik durum” yaranıbmış, daha nələr... Bu yerdə, Yunqun ifadəsi ilə desəm, “dilin ağlı ötüb keçməsi” halı baş vermirmi, sizcə?
Sənət demiş, elə Zəriflik arbitri varmı istənilən Sənətdə? Məsələn, imperator Neronun sarayındakı Arbitr misilli? Belə çıxır ki, bizə imkan saxlayan olsa, İsveç Kral Akademiyasının katiblərini də dəyişərdik!
Gör indi can Azərbaycanın mərkəzində mənfi emosiyalar, neqativ qərəzlər, görmək istədiklərinə fokuslanan yazarlar bu qədər çoxdursa, onda Sınıq körpünün sınmaq bilməyən bəri üzündə, nələr ola bilər?
Şair demiş:
Od nə çəkdi,
Küldən soruş.
Baş nə çəkdi –
Dildən soruş.
Biz harmoniya yaratmaqla yaşayırıq, bəylər, nədən xaos azarkeşləri olaq?!
Bu neqativlər bolluğunda bir də bir pozitiv olmalıdı axı! Bir, lakin Əbədi pozitiv!
Yunan mifologiyasından heç zaman unudulmayan adları-simvolları xatırlayaq: gözəllik ilahəsi Afrodita, barışcıl-sülhsevər Harmoniya, poeziya, musiqi, himnlər və rəqslər himayədarları – ilham pəriləri...
Bir də Panaseya (və ya Panakeya)! şəfa-müalicə ilahəsi! Hər dərdin çarəsi, hətta ömrü sonsuzluğa qədər uzatmağa qadir olan əfsanəvi əsrarəngiz!
Bir zamanlar onu kimyagərlər axtarırdılar.
İndi biz yazarlar axtarırıq onu: kitab şəklində!
Ədəbiyyat – yəni, proza və poeziya şəklində!
İ.Annenskinin iki məşhur misrası var:
И было мукою для них,
Что людям музыкой казалось.
Yəni, yazıçılıq əzabı oyun havası deyil ki, qol qaldırıb oynayasan! Ədəbi yaradıcılıq, əziyyətlər kiməsə musiqi kimi də gələ bilər, dar ağacında tumurcuqlamağımızı yazın gəlməyi bilənlər də tapılar. Lakin biz... sözün bitdiyi yerdə deyil, sözün başladığı yerdəyik həmişə!
Kitab olan yerdyik!
Doğrudur, arada-sırada Gürcüstanda ürəyimizdən keçir ki, misal üçün, Servantesin 1604-cü ildə qələmə aldığı “Don Kixot”u, ya da Balzakın 1831 – 1834-cü illərdə qələmə aldığı “Qorio Ata” ilə “Şaqren dərisi”ni biz yazaydıq kaş. Özü də həmin tarixlərdə, hətta onlardan da irəli tarixlərdə yazaydıq!
Amma bugünümüzə şükürlər olsun ki, indi Mirzə Cəlilin “mazutlu Bakı”sı kitab çapında irəlidə gedən ana şəhərlər sırasındadır!
Quru sərhədlərimiz açıq oldu-olmadı, Bakıdan kitab payım gəlir həmişə: Əlabbas göndərir, Nəriman Əbdülrəhmanlı göndərir, Azad Yaşar göndərir, bir dəfə rəhmətlik Məmməd İsmayıl göndərmişdi Çanaqqaladan, Vaqif Bayatlının Tərcümə Mərkəzində bağışladığı kitab payını Cəbrayılın Böyük Mərcanlı kənd kitabxanasına ərməğan edəcəyim günün ümidi ilə yaşayıram hələ də!
Sınıq körpünün bəri üzündə kitab tamarzısıyıq! Bəlkə bu üzdən, arada-sırada, kitab qoxuyuruq, vallah!
Buna görə də biz, can Azərbaycanın Kitab Mükafatı təşəbbüsünü təqdirlə qarşılayırıq Gürcüstanda! Ekspertlərə gəlincə, ədəbiyyatımızda, mədəniyyətimizdə kifayət qədər nüfuzlu sənətkarlar var. Lakin unutmayaq: mədəniyyət ən müdafiəsiz sahədir. İstənilən “memento mori!”ni unudan ünsür sənətkara daş ata bilir. Sənətin yolu belə imiş...
Son nəticədə qazanan ana dilimiz olur! Biz, bir anadil quşu misilli qalsaq da olar həmişə!
Bütün hallarda, əlbəttə, müsabiqənin qaydaları çərçivəsində, dünyanın harasında yaşamağından asılı olmayaraq, ana dilimizdə yazan və ədəbi mühitin qəbul etdiyi hər bir müəllifin Kitab müsabiqəsində iştirak etmək hüququ qorunmalıdır.
Axı bədii Söz də, bədii Kitab da sərhədsizdir!
Əsas odur ki, səsini qaldırmayasan, sözünü qaldırasan!
...Və son olaraq, Əbdürrəhim bəyin “əl-üz yumaq tarixçəsi”ni xatırlaya-xatırlaya, əlbəttə, izninizlə, həm də təvazölərim dolu, “Durna nidaları” adlı kitabımdan bir bəndlə sağollaşıram:
Çirkin-gözəl hamı yuyar üzünü...
sellərin savabı yoxuşa qalar.
Kim sabun işlədər, kim gülab suyu,
kimin də ümidi yağışa qalar.
Qalın kitablarla yox, qalan kitablarla qalın!
Təşəkkürlərlə:
İbrahimxəlil
