Medianews.az
“Bu təşəbbüsü alqışlamamaq nadan işidir” –
665 baxış

“Bu təşəbbüsü alqışlamamaq nadan işidir” – Yazıçı

2026-cı ildə dövlətin Azərbaycan Kitab Mükafatı elan etməsi gözlənir. İlkin rəsmi bilgiyə görə, Prezident fərmanı ilə təsdiqlənəsi 50 min manatlıq mükafat hər il bir müəllifə veriləcək, qalib əsər xarici dillərə tərcümə edilib yayılacaq.

Müsabiqəyə nəsr (roman və hekayə) və poeziya (şeir və mənzum hekayə) nümunələrini nəşriyyatlar və ədəbi orqanlar təqdim edə bilər. Birinci mərhələdə - sentyabr ayında ekspertlərin 10 əsərdən ibarət uzun siyahı tərtib edəcəyi, noyabr ayında xüsusi komissiyanın 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcəyi, həmin ay laureatın elan olunacağı bildirilir.

Bu təşəbbüs necə qarşılanır? Məsələn, povest təqdim etmək olarmı? Ədəbi tənqid nümunəsi necə? Ədəbi mükafat necə olmalıdır? Mükafatın əsasnaməsinin tərtib olunmasına kimlər cəlb olunmalıdır? Ekspertlər kimlər olmalıdır? Təqdimat - başqa media qurumları (məsələn, saytlar) əsər təqdim edə bilərmi?

Medianews.az saytı bu suallarla yazıçı Əlabbasa müraciət edib. O, deyib:

“Azərbaycan Kitab Mükafatı təşəbbüsünü alqışlamamaq nadan işidir. Gec-tez bu qələm əhlinə də bir sahib duran tapılmalı idi, ya yox? Hərçənd burdan heç də o məna çıxarılmasın ki, artıq tapılıb, gedib pulları almağın vaxtıdır. Xüsusən xoş olan odur ki, burda söhbət Prezident Fərmanından, dövlət dəstəyindən və zəmanətli təminatdan gedir. Mükafat da, uzun siyahı üçün nəzərdə tutulan müəllif sayı və məbləğ də, gümanımca, pis deyil. Əsərlərin əcnəbi dillərə tərcüməsi, təqdimatı və təbliği isə xüsusən yaxşı düşünülüb. Bəlkə bu problem dövlət dəstəyi hesabına aradan qaldırıla və “Biləcəri sindromu” da birdəfəlik tarixin arxivinə göndərilə. Bu, Azərbaycan yazıçısının üzqarası yox, az qala tamğasıdır. Qınamayın onu, heç kimi inandıra bilmirsən ki, problem istedadda yox, tərcümədədir. Yəni əslində lazım olan dillərə tərcümə olunmamaqda! Şəxsi tanışlıq yolu ilə biz uzaqbaşı Türkiyədə kitab çap etdirə bilərik. Bununla da haracan getmək olar? Bu dəfə də İstanbula”.

Yazıçı Əlabbas daha sonra vurğulayıb ki, burda açar məsələ ekspertlərdir:

“Yoxsa yenə Azərbaycansayağı müsabiqə alınacaq. Yadımdadır ki, 2010-cu ildə Milli Kitab Mükafatı müsabiqəsində münsiflərin ikisindən əsərim haqda fikrini öyrənmək istəyəndə hər biri səmimi olaraq etiraf etdi ki, əsəri (“Qiyamçı”) oxumayıb, Allah qoysa vaxtı olanda oxuyacaq.

Cavablardan biri dəqiq belə idi: – Sənə qiymət lazımdır, ya əsərinin oxunmağı? Hərçənd o, yaxşı da bal vermişdi.

Deyim ki, nəticədən heç kim razı qalmasa da, o müsaqbiqədə zövqünə, ləyaqətinə və ədəbi vicdanına kimsənin şübhə etmədiyi, imzaya yox, əsərə qiymət verən normal münsif heyəti formalaşmışdı: Muxtar İmanov, Niyazi Mehdi, Mahir Qarayev, Yaşar Əliyev və digərləri...

Yenə deyirəm, bu gözəl təşəbbüsü yalnız hardansa sifariş gözləməyən, ləyaqətli və vicdanlı ekspert heyətinin ədalətli qərarı ilə tarixi hadisəyə çevirmək olar və ümid edirəm ki, elə də olacaq. Ədəbiyyat adamlarının da bir dəfə ürəkdən sevinmək haqqı var, ya yox?” 

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun