Medianews.az
“Belə adamların dərsliklərdə nə işi var axı?” –
1,244 baxış

“Belə adamların dərsliklərdə nə işi var axı?” – Yazıçılardan ETİRAZ

Bir çox dövrlərdə yazıçıların əsərləri və adları dərsliklərdə yer alıb, onların yaradıcılığı təhsilin ayrılmaz hissəsinə çevrilib. Müstəqillik bərpa ediləndən sonra çağdaş ədəbiyyatda öz imzasını təsdiqləmiş bir sıra müəlliflər də yetişib. Bəs bu yazıçılardan hansılar dərsliklərə daxil edilməlidir? Ümumiyyətlə, müasir Azərbaycan ədəbiyyatının hansı nümayəndələri dərsliklərdə tədris olunmalıdır?

Medianews.az bu barədə qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Yazıçı Seyran Səxavət:

“O yazıçılar dərs kitablarına salınmalıdır ki, onlar həmişə “hazıra nazir” olublar. Çünki onların tərcümey-halı, hələ özləri doğulmamış yazılıb. Bu gün yuxarıda adamları var. Qapı döyə bilir, qapı aça bilirlər. Dərsliklərə bu cür yazıçılar daxil edilməlidir. Əsl istedad sahibi olan, istedadı boyda abır-həya sahibi olan qələm sahiblərinin dərs kitablarına salınması olmaz. Belə adamların dərsliklərdə nə işi var axı? O istedadlı, şairlərin, yazıçıların, həmişə bir mövqeyi olanların “qatığın rəngini dəqiq bilən” və lazım gələndə həmin rəngi dilinə gətirən yazıçıların, şairlərin dərsliklərdə nə iti azıb axı?!”

Yazıçı, şair Həmid Herisçi:

“Modern şeir mövzusunda Həmid Herisçidən nümunlər gətirmək lap yerinə düşərdi. Nəsrdə namizədlər az deyil. Ancaq janrları bəlli deyil. Ədəbiyyatımız hələ də çox millidir. Daha doğrusu milli yox, əyalət mənşəlidir. Mövzuları arxaik, darıxdırıcıdır. Kənd mövzusunu qaçqın taleləri ilə əvəzləmək cəhdləri uğursuz görünür. Multikulturalizm ölkəmizdə geniş təbliq edilsə də, ədəbiyyatımızda özünü əks etdirmir. Misal üçün məşhur Hind yazarı Salman Rüşdü “Qızıl ev” romanında Barak Obama Amerikasını gözəl təsvir edib. Üfüqlərdə görünən Tramp təhlükəsindən oxucularını bəribaşdan məlumatlandırıb. Bu cür öncəgörmə nümunələrini ədəbiyyatımızda axtarmayın. Yoxdu. Biz ancaq keçmişlərdə, köhnə mövzularda eşələnirik. Bizdə öncəgörmələr yox, keşmişigörmələr var. Mistik, paranormal mövzular, yadplanetlilər barədə roman və hekayələr indi dünyada aparıcı mövzu olsa da, ədəbiyyatımız bu ədəbi trendlərə qarşı ağız büzməklə məşhurdu. Müasir ədəbi trendlərlə ayaqlaşmayan gənc yazarlarımız çıxış nöqtəsini Cəlilə, Axundova, Sabirə qayıtmaqda görür, Poçt qutusu, Novruzəli kimi köhnə mövzuları yenidən dirildirlər. Ancaq bu, plaqiat təsiri bağışlayır. Dünya ədəbi trendləri bu vaxt qalır bir kənarda. Azərbaycana gətirilmir. Gənc yazarlar özlərini Sabir, Cəlil, Axundovla səhv salaraq girişirlər xalqı aşağılamağa. Öz uğursuzluqlarının səbəbini milli-mənəvi dəyərlərimizdə axtarmağa. Bu kor dalanın sonunda işıq varmı? Əlbəttə var. Dünya ədəbi prosesinə diqqətimizi artırmalı, müasir trendləri Azərbaycana gətirməliyik. Məktəb dərsliklərinə yeni imzaların əlavə olunması üçün peşəkar münsif və redaktor heyətinə ehtiyac var”.

Şair Qəşəm Nəcəfzadə:

“Dərsliyə xalq dilini bilən, onun dilindən bəhrələnən, imzasını təsdiq edən, tanınmış şairlərin əsərləri salınmalıdır. Daha uzun illər kütləvi dərsliklər müəllifi kimi tanınan Rafiq İsmayılovun dərsliyə salınan şairlər kimi yox. Dərsliyə xalq dilini bilən, orijinal uşaq şeirləri yazan, şeirləri uşaqlar tərəfindən tez əzbərlənən və sevilən, tanınmış uşaq şairlərinin əsərləri salnmalıdır. Daha kütləvi dərsliklər müəllifi kimi tanınan Rafiq İsmayıovun tərtib etdiyi dərsliklərə saldığı, adını birinci dəfə eşitdiyim, zəif şairlər yox.

7-ci sinif Azərbaycan dili dərsliyindən nümunə çəkək. Adından göründüyü kimi  bu dərslikdə elə şeirlər verilməlidir ki, uşaq Azərbaycan dilinin incəliklərini öyrənsin. Dili dolaşmasın, şeirdə axıcılıq olsun, rabitəli nitq inkişaf etsin.  Həmin dərslikdə H. Həsənovun “Ağıllı Ömər” şeirinə baxaq:

Elektrik xəttinə
Gərək dəyməsin əlim.
Bunu mənə öyrədib
Anam, atam, müəllim

Ütü, qayçı, bıçağa
Əlimi uzatmaram.
Oyuncaqla oynasam,
Sonra onu yığaram.

Bilirəm ki, kibritlə
Heç vaxt oynamaq olmaz.
Mətbəxdə qaz yananda
Yanında durmaq olmaz

İndi altı yaşım var,
Daha böyük oğlanam.
Bacımla tək qalırıq
İşə gedəndə anam.

 “Gərək elektirə dayməsin əlim” nə deməkdir? Uşaq özü haqqında 3-cü şəxsin təkində danışır. Deməlidir ki, mən əlimi elektirikə vurmaram, halbuki o, birinci şəxsin təkindədir. Şeirin qafiyə sisteminə baxın; uzatmaram, yığaram, durmaq, oynamaq bu sözlər bir-biri ilə qafiyə deyil axı. Uşaq şeirdən qafiyəni öyrənməlidir. Əgər öyrənibsə, bu şeir onu çaşdıracaq. Şeirin müəllifinin adına baxın: H. Həsənov. Müəllifin adının baş hərfini yazıblar. Belə bir imzanı kim tanıyır? Əlbəttə, heç kim? Birdən müəllim sual versə ki, uşaqlar, şeiri kim yazıb? Uşaqlar nə deyəcək: H. Həsənov, müəllim.

2-ci sinif Azərbaycan dili  dərsliyidə Ləman Həsənlinin “Nağıl olmaq istəyirəm” şeirinə baxaq. Ləman Həsənli burdarımı? Əlbəttə, olmayacaq. Çünki belə nəşriyyat direktorunun və ya kitab tərtib edənin qurama adıdır.

Nağıl olmaq istəyirəm
Bir gün nağıl olsam əgər,
Bir nənənin ürəyindən
Az gedərəm, üz gedərəm,
Dərə, təpə düz gedərəm,
Balaların gözlərinə
Yuxu olub dolaram mən.

Dərələrdən sel kimi,
Təpələrdən yel kimi
Keçərəm hey, keçərəm.
Bir baxarsan, Məlikməmməd,
Bir də baxarsan, Keçələm.

Qoruyaram balaları
Zalımlardan, ac divlərdən,
Küpəgirən qarılardan.
Xəyallardan gerçəklərə
Yol açaram, iz salaram.
Göydən düşən almalardan
Hər nağılda pay alaram.

Bu şeir uşaqlara hansı sevgini, hansı biliyi öyrədir, hansı hadisəni başa salır, hansı təbiət hadisəni, tərbiyəni aşılayır. Qafiyə yox, yenilik yox, şeiriyyət yox. Belə şeirlərin dərsliyə salınması zərərlidir. Uşaqlarda zövqü korlaşdırır, ailədən öyrəndiyi nə varsa, onu da məhv edir.

Çoxdu bu cür nümunələr.

Bütün bu dərsliklərin müəllifləri və tərtibçiləri aşağıdakılardı. Rafiq Ələkbər oğlu İsmayılov, Gülşən Yasin qızı Orucova, Ülkər Nuraliyeva, Aynur Xanlarqızı, Dilrüba Nurəddin qızı, İradə Bayramova”.

Yazıçı Eluca Atalı:

“Müasir yazıçıların əsərlərini tam izləmək imkanım yoxdur. Hərədə bir neçə mövzu və janr baxımından yaxşı yazılmış əsərlər var, onlardan dərsliyə salmaq olar. Amma ədəbi şəxs kimi öyrənilməsi lazım olan yazıçını misal çəkmək bir az çətindi məndən ötrü. Bilirsiniz ki, uzun müddətdir xaricdəyəm, ədəbiyyatı qədərincə izləyə bilmirəm. Ədəbiyyat dərsliklərinə elə mövzular salınmalıdır ki, insanın kimliyini aşkarlamağa ona yardım etsin. İnsanın çətinlik üzərindən necə aşması məktəblilərə nümunələrlə verilsin. Aşağı siniflərdə uşaqlara təqdim olunan şeirlərin şeriyyəti yüksək olmalıdır, təsadüfi əsərlər, ədəbi janrın tələblərinə uyğun olmayan əsərlər dərslikdə yer almamalıdır. Ən yumuşaq şəkildə desək, bu klassiklərimizə təhqirdir. Tarixi əsərlərin məktəblilərə daha çox təqdim edilməsinin tərəfdarıyam.

Bir də istərdim ədəbiyyat dərsliklərinə animalist yazıçıların əsərləri salınsın, onların təbiətdən necə bəhrələnmələri şərh edilsin. İnsan-təbiət münasibətləri bu gün dünyada bir nömrəli məsələdir. İnsan təbiətin bir hissəsidir və həm də ayrılmaz hissəsidir. Bunu uşaqlara çox erkən yaşdan aşılamaq lazımdır. Təbiətləşən insan, insaniləşən təbiət ədəbi nümunələrlə verilməlidir. Çox təəssüf edirəm. Bizdə animalist yazıçı, naturalist yox dərəcəsindədir, naturfəlsəfədən yazan yazıçıların əsərlərindən dərsliklərə salınması önəmlidir”.

Yazıçı Alpay Azər:

“Orta və yuxarı sinif dərsliklərinə Məqsəd Nurun, Şərif Ağayarın, Samirə Əşrəfin qələbədən sonra insanların Qarabağa qayıdışla bağlı yazdıqları hekayələrini salmaq olar”.

Yazıçı Səhər Əhməd:

“Düzü, mənə də dərsliklərə hansı meyarla əsər seçilməsi çox maraqlıdı. Klassik ədəbiyyatla bağlı seçimlər ənənəvidir. Amma yerdə qalan mətnlərin doxsan faizi düzgün seçilməyib. Müəlliflərin çoxu tanınmamış müəlliflərdi, mətnlərin əksəriyyəti bədii ədəbiyyatın və dövrün tələblərinə cavab vermir, indiki şagirdlərin maraq dairəsinə uyğun deyil, tərbiyəvi əhəmiyyətə malik deyil. Bu müəlliflər bu dərsliklərə necə yol tapır, heç bir fikrim yoxdu”.

Oğuz Ayvaz,

Medianews.az

 

Bizə qoşulun