Medianews.az
Putin o fərmanı nə məqsədlə verib?
97 baxış

Putin o fərmanı nə məqsədlə verib?

Rusiya Prezidenti Vladimir Putin Beynəlxalaq Layihələr üzrə Prezident Qrantları Fondunun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək. Fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədi ilə” yaradılır. Bu nə deməkdir?

Birincisi, fond vasitəsilə Moskvanın maraq kəsb etdirdiyi əcnəbilərin Rusiyaya köçürülməsi dəstəklənəcək. Rusiya qrantlar vasitəsilə özünə dost ölkələrlə yanaşı dost olmayan ölkələrə də nüfuz etməyə, bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq.

Kreml sahibinin fərmanına görə, təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə Rusiyaya təxliyə ediləcəklər. Sənədə görə, istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Onlar Rusiyada hüquqi status əldə edəcəklər. Rusiya fərmandakı “istedadlı əcnəbilər” bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentlərini və “5-ci kolon” üzvlərini də təxliyə edəcək.

Misal üçün, Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdarlarını və şübhə altında olan təsir agentlərini təxliyə etməyə çalışa bilər. Fərmanda belə bir bənd var ki, öz ölkələrində Rusiya dəyərlərini bölüşənlər dəstəklənəcək. Ramiz Mehdiyev ev həbsində olmasaydı, Rusiya dəyərlərini bölüşən birisi kimi asanlıqla Moskva tərəfindən təxliyə edilə bilərdi.

İkinci, Vladimir Putinin göstərişi ilə Rusiya qrantlar vasitəsilə beynəlxalq proqram və layihələrdə iştirak edəcək. Söhbətin konkret hansı layihələrdən getdiyi bəlli deyil. Digər tərəfdən Rusiya Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərbin sanksiyaları ilə üzləşib. Bu vəziyyətdə Rusiya Qərb ölkələrinin layihələrini maliyyələşdirə bilməyəcək. Görünür, Rusiya Prezidenti ayıracağı qrantlar vasitəsilə Avrasiya, Afrika və Cənubi Amerika ölkələrində fəallığını atırmağı planlaşdırır. Belə olarsa, Rusiya qrantlar vasitəsilə strateji tərəfdaşı Çinlə rəqabət içərisində olacaq. Çünki Çin müxtəlif ölkələrdə iqtisadi və enerji layihələrin reallaşdırır, bu məqsədlə milyardlarla dollar yatırımlar həyata keçirir. Rusiyanın bu cür maliyyə imkanları yoxdur. Ona görə də Kreml iqtisadi yatırımlar əvəzinə üçüncü ölkələrdə nüfuzunu artırmaq üçün qrant layihələrinə üstünlük verəcək. Bu bir növ Qərbin müxtəlif fondlarının ayırdığı qrantlara bənzəyəcək.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun