Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirilib.
Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib.
Sözügedən ictimai iaşə obyektlərində yüksəksəsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bu cür hallar təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində məişət səs-küyü ilə bağlı nəzarət-profilaktik tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, cərimələnən obyektlər arasında meyxanaçı Aqşin Fatehin sahibi olduğu "By Fateh" restoranı da var.