AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun evində axtarış aparılıb.
Medianews.az bildirir ki, xəbəri dekabrın 4-ü axşam AXCP fəalları yayıblar.
Məlumatda axtarışı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının həyata keçirdiyi, onların Elnur Seyidovun telefonunu götürərək özləri ilə apardığı deyilir.

Əli Kərimli noyabrın 29-da DTX-nin keçirdiyi əməliyyatla tutulub. Dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.
Hazırda DTX-nin istintaq təcridxanasında saxlanan AXCP sədri konstitusiyaya zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdə (Cinayət Məcəlləsinin 278.1-ci maddəsi) təqsirləndirilir.
Əli Kərimli ilə eyni gündə tutulan və barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilən AXCP sədrinin müşaviri Məmməd İbrahimə də Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki şəxsin həbsi hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada (Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri) təqsirləndirilən, oktyabrın 14-dən ev dustaqlığında olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib.