Medianews.az
"Səni yaradana əhsən!" –
101 baxış

"Səni yaradana əhsən!" – Yaxud Məhsətidə erotika varmı?

Klassik ədəbiyyatda erotik şeir anlayışı yoxdur. İlk baxışdan oxucunun gözünə dəyən, fərdin düşüncə tərzinə uyğun yozulan həmin bədii nümunələrin əksəriyyəti metaforadır və bütün yaradılanlardan fərqli, eyni zamanda da üstün xəlq olunmuş kamil insanın ruhunun, cismani vəziyyətinin poetik təcəllasıdır.

Mənim fikrimə görə, erotika kimi qəbul etdiyimiz divanənin fiziki halında ehtivasıdır. Eşq - Allah, Yar - Allah, Aşiqin həsrətindən fəğan etdiyi sevgili canan - Allah, həmçinin Onun qətrəsindən yaranana qovuşmaq üçün axtardığı yeganə ünvan, yəni məhəbbət duracağında məcnunluq - Allaha gedən yolda şahid tutmaqdır.

Bütün bunlar Quranın "biz sizi yaratdıq..." və ya "biz sizə..." prinsiplərinə söykənir.

Ümumiyyətlə, səmavi kitabların, eləcə də Quranın ilahi poetikasında çılpaq mətn kimi görünə biləcək təsvirlərin arxasında əyri-əskiksiz yaradılan insanın vəsfi durur. Hətta yaradan Allah belə öz əsərindən şövqlə söz açır, insana xatırladır ki, O, Adəm övladını cənnətə layiq ola bilən gözəl, kamil (mömin) kimi görmək istəyir.

Nə Şeyx Nizamidə, nə Məhsəti və Xaqanidə, nə Füzulidə, nə Nəsimidə, nə Ömər Xəyyamda, nə Xan qızı Natəvanda, nə də Seyid Əzim Şirvanidə pornoqrafiya elementləri yoxdur. Və bu tarixi şəxsiyyətlərin hər birini qələmin, həm də kameranın gücü ilə müasir dövrə gətirmək mümkündür. Mənə elə gəlir ki, əsas problem xanım rejissorun Məhsətinin yaradıcılığından xəbərdar olmamasıdır. Yoxsa tamamilə fərqli və maraqlı bir film alınardı. Rejissora uğurlar.

Öz növbəsini gözləyən "Qılınc və Qələm", "Qan içində", "Odlu diyar", "Xudafərin körpüsü" və "Xortdanın cəhənnəm məktubları" kimi klassik əsərləri ekranlaşdırmaq lazımdır. Azərbaycanın buna potensialı var, sadəcə, irəli düşən, dəstək verib yönəldən gərəkdir.

"Məhsəti" filmi haqqında hələ də yazılır, tənqid də var, təəssüf ki, təhqir də. Məncə, kifayətdir, kinonun hələ də öz həllini tapmayan və zirvəli dağ böyüklüyündə problemlərindən danışmaq gərəkdir.

Filmdəki bəzi kadrlara tamaşa etdim, xüsusi məqsəd, gözdən salmaq, yaxud da bilərəkdən xalqın heysiyyətinə toxunmaq elementləri hiss olunmur, amma rejissor fəndi var, əvvəlcə xarici, daha sonra isə müəyyən topluma, daxili auditoriyaya hesablanmış filmdir. Baxan, bəyənsə, yenə yadına düşəcək, kimisi isə çox tez unudacaq. Bu qədər sadə. Təhqirlə islah etmək olmaz. Belə...

Kinonun əziyyətinə qatlananlara uğurlar!

Oqtay Qorçu

Bizə qoşulun