Dekabrın 5-də Bakıda 16-cı Bakı Beynəlxalq Film Festivalı başlaması barədə xəbər vermişdik. Festival çərçivəsində əslən azərbaycanlı olan İranın tanınmış rejissoru Reza Siami də münsiflər heyətində jüri kimi iştirak edir. Beynəlxalq kino dairələrində özünəməxsus film dili və yanaşması ilə seçilən rejissor bu dəfə Azərbaycan filmlərin qiymətləndirilməsi prosesində yer alıb.
Reza Siami Azərbaycan filmlərində müşahidə etdiyi tendensiyalar və problemlərlə bağlı Musavat.com-a danışıb.
O deyib ki, ikinci dəfədir ki, Bakıda münsiflər heyətinin üzvü kimi iştirak edir: “Birinci dəfə 2022-ci ildə “DokuBaku” sənədli filmlər festivalında jüri olaraq iştirak etmişdim. İndi yenə də jüri kimi iştirak edirəm. Bu dəfə mən yerli filmlərin münsif heyətindəyəm. Hesab edirəm ki, kənardan Azərbaycan filmlərinə baxan rejissor kimi fikirlərimi bilmək istəyirlər. Ümumiyyətlə, çox yaxşıdır ki, gənclərdə gözə dəyən cəsarət var. Həm mövzu seçimində, həm də tərz və forma baxımından. Yəni yeni kino dili axtarışı hiss olunur. Təəssüf ki, bir sıra problemlər də görünür”.
Həmsöhbətimizin fikrincə, Azərbaycanda ssenari baxımından problemlər var: “Ssenari ümumiyyətlə çox zəif görünür. Bu zəifliyi ustad dərsləri və təlimlərlə aradan qaldırmaq lazımdır. Yəni bu cür məsələlər təkcə təhsillə yetərli olmur. Bu problemi həll etmək lazımdır. Ötən dəfə müşahidə edirdim ki, adi mövzular seçilirdi, dəfələrlə təkrarlanmış mövzular olurdu. Qısametrajlı filmin özünün başqa dili var. Həmçinin böyükmetrajlı filmin özünəməxsusluğu var. Böyükmetrajlı filmin hekayəsini qısametrajlı filmə daşımaq düzgün deyil. Ona uyğun süjet və ssenari yazmaq lazımdır. Fikrimcə, bu problem həll olunarsa, çox məsələ aradan qalxmış olar".