ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla amerikalı iş adamı Cared Kuşnerin Ukrayna müharibəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar təxmin edildiyi kimi başa çatıb.
Bəzi politoloqlar, siyasi yazarlar politologiyanın bütün terminlərindən istifadə edərək bu görüşü şərh edirlər. Amma Ukrayna məğlub olacaq deyib bədbinliyə qapılmağa əsas yoxdur.
Bu müharibənin taleyini diplomatiya deyil, güc həll edəcək. Həmin güc artıq Rusiyada yoxdur.
Trampın dəstəyindən ruhlanan Putinin son dövrlərdə səsləndirdiyi gurultulu bəyanatlar gücə söykənmir. Ukrayna Ordusu ilə döyüşlərdə 1 milyondan artıq insan itkisi, iqtisadiyyatın bərbad günə düşməsi, tətbiq olunmuş ciddi sanksiyalar və bizim bilmədiyimiz digər problemlər Rusiyanın çox ağır durumda olduğunun göstəricisidir.
Bütün bunların əvəzində Putinin gurultulu bəyanatları reallıqdan çox uzaqdır.
Bu gün ukraynalılar qəhrəmanlıqla, çox ağır şəraitdə döyüşürlər və öz torpaqlarından imtina etməyəcəklərini bəyan edirlər. O qəhrəman xalq Avropa üçün, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün döyüşür.
Qənaətimcə, dünya bunun fərqindədir. Bu baxımdan kifayət qədər resursları olan Avropa Birliyi və Böyük Britaniyanın öz gələcəkləri, təhlükəsizlikləri naminə Ukraynaya bütün sahələrdə dəstəyi əsirgəməyəcəyinə inanmaq istərdik.
Digər tərəfdən Donald Trampın öz iqtisadi, strateji maraqları naminə Ukraynanı Rusiyaya qurban verəcəyi inandırıcı deyil. Ona görə ki, Amerika cəmiyyəti, Demokratlar Partiyası, hətta Respublikaçılar Partiyasının bir çox üzvləri Trampın bu siyasətinə sərt təpki göstərir.
Yekun olaraq onu deyim ki, yalnız ədalətli sülh Ukraynaya və ümumilikdə regiona sabitlik gətirər. Gurultulu bəyanatlarla, çoxkonfiqurasiyalı məkrli gedişlərlə imzalancaq hər hansı sülh müqaviləsi Rusiya-Ukrayna konfliktinin həlli olmayacaq.
Əkrəm Bəydəmirli