Süni intellektin sürətlə inkişafı kino sənayesinin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Artıq bir çox ölkədə AI vasitəsilə çəkilmiş qısa filmlər var. Bəziləri düşünür ki, AI gələcəkdə klassik kino anlayışını belə dəyişə bilər. Bəs süni intellekt bir gün kino sənayesini tamamilə əvəz edib dünyanı filmsiz qoymağa qadirdir ola bilərmi?

Mövzu ilə bağlı Medianews-a açıqlamasında Azərbaycan Prodüserlər Gildiyasının sədri, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bildirib ki, yaxın 100 ildə süni intellekt kinonu tam əvəz edə bilməyəcək. Onun sözlərinə görə, vaxtilə ağ-qara filmlər yığışdırılmış, rəngli filmlər meydana çıxmışdı. Ancaq sonradan rejissorların baxışına və tamaşaçıların yüksək bədii həll marağına görə ağ-qara filmlər yenidən gündəmə gəldi. Bu, bir daha sübut edir ki, texnologiya dəyişsə də, tamaşaçının emosional tələbatı və sənətə baxışı hər zaman həlledici rol oynayır.
“Yəqin ki, müxtəlif janrlarda, texniki təkamülün gətirdiyi müxtəlif üslublarda filmlər çəkiləcək. Süni intellektin tətbiqi qaçılmazdır və yaradıcılıq prosesində bəzi mərhələləri sadələşdirə bilər. Məsələn, montaj, vizual effektlər və ssenari analizində köməkçi vasitə kimi istifadə olunması labüddür. Lakin bütün bunlara baxmayaraq, insan psixologiyasına təsir edən, onu duyğulandıran, düşündürən hər bir janrda və hər bir vasitədə inanıram ki, həmişə film olacaq. Kino texnologiyası yüksək sürətlə inkişaf edir. Süni intellektlə onun rəqabəti də daim olacaq. Lakin bu rəqabət kinonu sıradan çıxarmayacaq, əksinə, yaradıcı yanaşmaların daha da zənginləşməsinə şərait yaradacaq. İnanıram ki, insan təxəyyülü həmişə bir addım öndə olacaq, çünki film yalnız təsvir deyil, həm də insan ruhunun özünüifadəsidir. Açığı, süni intellektin hələ bu qədər effektiv olacağını gözləmirəm”, - deyə o qeyd edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov da mövzu ilə bağlı saytımıza fikirlərini bölüşüb:
“Süni intellekt nə kinonu, nə aktyor oyununu, nə də hər hansı müəllif işini tamamilə əvəz edə bilməyəcək. Kino yarananda teatrın, televiziya meydana çıxanda isə kinonun öləcəyi proqnozlaşdırılırdı, amma hər biri öz yerini qoruyub saxladı. Süni intellekt də əsasən qrafik təsvirlərin yaradılmasında, mürəkkəb texnoloji çəkilişlərin sadələşdirilməsində bir vasitə olacaq, lakin Çaplin, Mazina, De Niro, Şahmar Ələkbərov və Həsən Məmmədovu əvəz edə bilməyəcək. Animasiya sahəsi üçün bu, ciddi bir imtahan olacaq, çünki süni intellekt inkişaf etdikcə animasiya da özünəməxsus dilini tapmalıdır. Əminəm ki, insanın qəlbini və fəhmini heç bir süni intellekt əvəz edə bilməz”.
Oğuz Ayvaz
Medianews.az