I Qarabağ savaşı zamanı hərbi hissədə cərrah olmuş həmyerlimiz indi okeanın o tayında tanınmış transplantoloqdur
Dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı həkimlərin uğurları xalqımızın elmə və təhsilə bağlılığını göstərir. Bu uğurların parlaq nümunələrindən biri də ABŞ-də tibb sahəsində böyük nüfuz qazanmış tibb üzrə fəlsəfə doktoru, Virciniya Universiteti Xəstəxanasının həkimi və Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri Rauf Şahbazovdur. Ona son illər Nyu Yorkda yaradılan Transplantologiya cərrahiyyəsi şöbəsinə rəhbərlik etmək də etibar olunub.
Dr.Rauf Şahbazov Amerika Cərrahlar Kollecinin və Avropa Cərrahiyyə Şurasının, həmçinin Amerika Transplant Cərrahlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyasının üzvüdür. O, elmi jurnallarda onlarca nəşrin, eləcə də "Transplantasiya cərrahiyyəsi" kitabında canlı donor qaraciyər transplantasiyası haqqında fəslin müəllifidir. Belə geniş təcrübə və uğurlar fonunda həmyerlimizi daha yaxından tanımaq, gördüyü işlər və tibb sahəsindəki yenilikləri öyrənmək üçün müasir İKT-nin imkanlarından istifadə edib onunla həmsöhbət olduq.
- Tibbi karyeranıza necə başlamısınız və transplantasiya cərrahiyyəsini seçməyinizə nə səbəb olub?
- Tibb Universitetini bitirdiyim dövrdə ölkə 90-cı illərin çətinliklərini yaşayırdı. Müharibə gedirdi və mən həkim kimi daha çox fayda verə biləcəyim sahəyə yönəlmək istəyirdim. Universitetə daxil olduğum gündən cərrahiyyə ixtisasını seçəcəyimə qərar vermişdim. Transplantasiya cərrahı olmaq isə uşaqlıq arzum idi. Lakin o vaxt bu, mənə sadəcə bir xəyal kimi görünürdü. İnsanların həyatını xilas etmək, həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmaq imkanları transplantasiyanı mənim üçün xüsusi və təsirli edirdi. Ümumi cərrahiyyə, qaraciyər və pankreas cərrahiyyəsində təcrübə qazandıqca bu arzuma özüm də fərqinə varmadan çox yaxınlaşdım.
- Bəs necə oldu ki, yolunuz ölkələri aşaraq okeanın o tayına düşdü? Bu yolda sizi motivasiya edən nə idi?
- Tibb təhsilinə başladığım ilk illərdən öyrənmək, elmi araşdırmalarda iştirak etmək və daha bacarıqlı həkim olmaq arzusu məni ABŞ-yə cəlb etdi. Uşaq yaşlarımdan ABŞ-də elmin daha yüksək səviyyədə olduğunu, innovasiyanın məhz buradan yayıldığını oxuyub öyrənmişdim. Tibb sahəsində addımlar atdıqca bu istəyim daha da gücləndi. 2006-cı və 2011-ci illərdəki qısa səfərlərim isə, burada mövcud olan tibbi mühiti yaxından görməyim məndə planlarımın reallaşa biləcəyinə əminlik yaratdı.
- ABŞ-yə dəvət almağınız necə baş verdi və bu qərarı qəbul etməyinizə nə təsir etdi?
- 2011-ci ildə Amerika Cərrahlar Kollecinin beynəlxalq mükafatına layiq görülərək Klivlend, Los-Anceles və Dallasda yerləşən üç nüfuzlu klinikada təlim keçdim. Dallasdakı Beylor xəstəxanasında olarkən mənə pankreas adacıq hüceyrələrinin transplantasiyası sahəsində çalışmağı təklif etdilər. Bu sahə məndə böyük maraq yaratdı. Bakıya qayıtdıqdan sonra ailəmlə məsləhətləşərək 2012-ci ildə ABŞ-yə köçmək qərarını verdik və beləliklə, Amerika hekayəmiz başladı.
- Amerikaya getməzdən əvvəl Azərbaycan, Səudiyyə Ərəbistanı və Türkiyədə çalışmısınız. Bu ölkələrin cərrahiyyə sahələrində hansı fərqləri müşahidə etmisiniz?
- Həmin ölkələrdə çalışdığım illər ərzində cərrahiyyə xidmətlərinin təşkili baxımından müəyyən fərqlər müşahidə etmişəm. Oxşar cəhət isə insanın dəyərinə verilən önəm və ona maksimum kömək etmək prinsipidir. Azərbaycan hələ də sovet dövründən qalan bəzi struktur problemlərini aradan qaldırmaq mərhələsindədir. Üstün tərəfi həkim qəbullarına nisbətən daha sürətli düşməkdir. Səudiyyə Ərəbistanında uzun müddət tibb xidmətlərini əsasən xarici mütəxəssislər həyata keçirsə də, son illər yerli mütəxəssislərin rolu artmaqdadır. Əksər cərrahi xidmətlər dövlət tərəfindən maliyyələşdirilir. ABŞ-də tibb sistemi əsasən sığortaya bağlıdır. Bəzi xidmətlərin çox bahalı olması tibbi yardımın əlçatanlığını çətinləşdirir. Türkiyədə isə tibb xidmətinin həm əlçatanlıq, həm də keyfiyyət baxımından yüksək səviyyədə olduğunu demək olar. Əhalinin böyük hissəsi cərrahi xidmətlərdən rahatlıqla yararlanır.
- Albani Tibb Mərkəzində yeni Transplantasiya şöbəsinin qurulması prosesi necə oldu?
- Albani Tibb Mərkəzi Nyu York ştatının paytaxtında yerləşir və geniş əhali qrupuna xidmət göstərir. Məndən əvvəl burada çox tanınmış cərrahlar çalışmışdılar. Şöbənin rəhbəri təyin olunanda əsas məqsədim transplantasiyanın modernləşdirilməsi, xidmətin daha əlçatan olması və robotik cərrahiyyə, süni intellekt kimi müasir texnologiyaların tətbiqi ilə nəticələrin yaxşılaşdırılması idi. Planlı şəkildə görülən işlərin nəticəsində həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük irəliləyiş əldə edildi. Bu gün mərkəzimiz xəstə və orqan sağ qalımı göstəricilərinə görə ən yüksək səviyyədədir.
- Qaraciyər, böyrək, pankreas transplantasiyalarında qlobal trendlər hansılardır?
- Hazırda ən önəmli trendlər orqanların daha keyfiyyətli qorunması, müasir perfuziya texnologiyaları, süni orqanların hazırlanması, 3D bioprinting, CRISPR kimi genetik mühəndislik üsulları və heyvan orqanlarının insana köçürülməsi istiqamətində aparılan tədqiqatlardır. Bu sahələr sürətlə inkişaf edir və gələcəkdə klinik praktikaya geniş şəkildə daxil olacaq.
- Donor çatışmazlığı probleminin həlli üçün dünyada hansı yenilikçi yanaşmalar mövcuddur?
- Müasir normotermik və hipotermik perfuziya sistemləri sayəsində donor orqanların daha təhlükəsiz və uzun müddət saxlanılması mümkündür. Eyni zamanda ksenotransplantasiya, süni və 3D-print orqanların hazırlanması kimi istiqamətlər gələcəkdə donor çatışmazlığının həllinə böyük töhfə verəcək. Maarifləndirmə proqramları da canlı donorluğun artmasında mühüm rol oynayır.
- Müxtəlif ölkələrin səhiyyə modellərini müqayisə etsəniz, transplantasiya sahəsində hansı model daha effektlidir?
- Hazırda transplantasiya sahəsində ən aparıcı və innovativ model ABŞ-də mövcuddur. Bununla yanaşı, Türkiyə və Cənubi Koreya kimi ölkələrin canlı donor transplantasiyalarındakı uğurları da xüsusi qeyd edilməlidir.
- Süni orqanlar, 3D bioprinting və gen mühəndisliyi yaxın illərdə transplantologiyanı necə dəyişəcək?
- Artıq ABŞ-də bu sahələrdə ilkin klinik addımlar atılıb. Yaxın illərdə bu texnologiyaların klinik praktikada geniş tətbiqinin şahidi olacağıq. Bu, donor çatışmazlığı problemini ciddi şəkildə yüngülləşdirəcək.
- ABŞ və Azərbaycan səhiyyə sistemləri arasında oxşar və fərqli cəhətlər hansılardır?
- Oxşar cəhət odur ki, hər iki ölkədə insan amili əsas prioritetdir. Fərqli tərəflər isə ölkələrin siyasi-iqtisadi strukturlarından qaynaqlanır. ABŞ-də tibb sistemi kapitalist çərçivəyə əsaslansa da, son illər xidmətlərin əlçatanlığını artırmaq istiqamətində ciddi addımlar atılır.
- Cərrah-transplantoloq olmaq böyük psixoloji yükdür. Bu yükü necə idarə edirsiniz?
- Asan deyil. Ancaq işimin insanlara fayda verdiyini görmək, onların həyatına müsbət təsir göstərə bilmək imkanı mənə güc verir. Səbir və peşəmə olan inam bu yolda məni daim motivasiya edir.
- Heç vaxt unuda bilməyəcəyiniz və sizi çox təsirləndirən pasiyent hekayəsi varmı?
- Robotik texnika ilə canlı donor nefroektomiyası icra edən cərrah kimi hər əməliyyatın məsuliyyəti çox böyükdür. Çünki bu insanlar öz orqanlarını yalnız başqasına kömək etmək üçün bağışlayırlar. Bir dəfə 76 yaşlı bir şəxsdə böyrək donor əməliyyatı icra etmişdim. İki həftə sonra kontrol müayinəsinə gələndə mənə qaraciyərini də bağışlamağa hazır olduğunu bildirdi. Bu, fədakarlığın və insanlığa xidmət hissinin ən təsirli nümunələrindən biri idi.
- Azərbaycanda transplantasiya cərrahlarının hazırlanması hansı istiqamətlərdə inkişaf etdirilə bilər?
- Rezidentura və dar ixtisaslaşma proqramlarında transplantasiya əməliyyatlarının icrası təmin edilməlidir. Transplantologiyanın inkişafı ölkənin səhiyyə strategiyasında prioritet istiqamət kimi müəyyənləşdirilməlidir. Yalnız bu halda yüksəksəviyyəli kadr yetişdirmək mümkün olacaq.
- Gələcəkdə Azərbaycanda transplantasiya mərkəzi yaratmaq kimi bir arzunuz varmı?
- Bəli, çoxdan belə bir arzum var. Düşünürəm ki, Azərbaycanda müasir tələblərə cavab verən xüsusi transplantasiya mərkəzlərinin yaradılmasına ciddi ehtiyac var. Belə bir çağırış olsa, bu prosesi həyata keçirməyə hazıram.
- Peşəkar uğur və şəxsi həyat arasında balansı necə qoruyursunuz?
- Açığı, bu balansı qorumaq asan deyil. Peşəm çox vaxt tələb edir, amma qalan vaxtımı ailəmə həsr etməyə çalışıram.
- Ailə demişkən, bu mövzuya da toxunmaq istərdik.
- Həyat yoldaşım da həkimdir. İki qızımız var. Böyük qızım Nigar İT üzrə kollecdə təhsil alır, Aydan isə bu il orta məktəbi bitirəcək, hüquq sahəsində ali təhsil almaq arzusundadır. Yeri gəlmişkən, Aydanı iki il əvvəl doğma Qubadlıya aparmışdım. Döndükdən sonra maraqlı bir yazı hazırlamışdı. Məktəbdə yazdığı inşaya belə ad qoymuşdu: "Qubadlıya səfər: azad edilən torpaqlarla bağ quran gənc bir ruhun duyğuları". Yazıda heç görmədiyi, ilk dəfə ayaq basdığı ata yurdunda keçirdiyi hisslərdən, iç dünyasında baş qaldıran Vətən duyğusundan, ruhi yaddaşdan söz açmışdı. Yazı belə bitir: "Bu qısa səfər daxilimdə bir dəyişiklik yaratdı. Darvazadan içəri girəndə bu yerin mənim bir hissəm olduğuna əmin deyildim. Amma çıxanda bilirdim - Qubadlı bir parçamdır və bu bağlılıq həmişə içimdə yaşayacaq". Özümə gəlincə, orta təhsilimi 1970-ci ildə doğulduğum Qubadlının Taroğlu kəndində almışam. Sonra Bakıya köçərək orta məktəbin son iki ilini 5 saylı Kimya-Biologiya Təmayüllü Liseydə tamamladım. Məktəbi bitirdikdən sonra qəbul olduğum Azərbaycan Tibb Universitetində ümumi cərrah ixtisasına yiyələndim. Qısa müddət 5 saylı Klinik Xəstəxanada fəaliyyət göstərdim. 3 il cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə ümumi cərrah kimi çalışdım. Hərbi xidməti başa vurduqdan sonra fəaliyyətimi Səudiyyə Ərəbistanında davam etdirdim. Burada Böyük Britaniyanın Edinburq Kral Cərrahiyyə Kollecinin təlim və imtahanlarını uğurla tamamlayaraq ümumi cərrah diplomu aldım. Daha sonra Türkiyənin Başkənt Universitetində transplantasiya cərrahiyyəsi üzrə ixtisasımı artırdım. Azərbaycanda bu sahədə bir müddət fəaliyyət göstərdim. 2012-ci ildən isə ABŞ-də çalışıram.
- Bu bioqrafik xronologiyanın davamı Qarabağ və Şərqi Zəngəzurun, o cümlədən ata yurdunuz Qubadlının azad edilməsidir. Həmin xəbəri eşidəndə hansı hissləri yaşadınız?
- 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayandan hər xəbəri yaxından izləyirdik. Şəhər və kəndlərimizin işğaldan azad edilməsi həyatımın ən unudulmaz anları idi. Doğulub boya-başa çatdığım Qubadlının azad edilməsi isə bu sevincin ən yüksək zirvəsi oldu. Həmin hissləri sözlə ifadə etmək çox çətindir.
- Dünya azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayının nümayəndəsi olmusunuz...
- Həmin qurultayda iştirakım həyatımın ən qürurlu günlərindən biridir. Bu, qalib xalq kimi Şuşa zirvəsində birliyimizin simvolu idi. Dünyanın müxtəlif ölkələrindən gələn azərbaycanlılarla ünsiyyət qurmaq, sevinci paylaşmaq möhtəşəm bir hiss idi. Fürsətdən istifadə edərək bizə bu zəfəri yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü çatdırır və fəaliyyətində yeni uğurlar arzulayıram.
Müsahibəni hazırladı:
Züleyxa ƏLİYEVA,
"Azərbaycan" qəzeti