Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar demək olar heç bir nəticə vermir. Ukrayna tərəfi ərazi güzəştinə getmək niyyətində deyil. Doğru olan da budur. Ancaq Azərbaycan Ermənistan münaqişəsi də göstərdi ki, qanla gedən, qanla gəlir. Yəni müdafiə olunaraq qazanmağa ümid etmək doğru yanaşma deyil.
Azərbaycan ərazilərini Ermənistan işğal etmişdi. BMT-nin hətta əraziləri boşaltmaqla bağlı qətnamələri vardı. Tarix göstərdi ki, mürəkkəblə yazılan yox, qanla yazılan sənin olur. Ona görə də Ukrayna öz sərhədlərinə çıxmaq üçün mütləq şəkildə döyüşməlidir. Sahədə itirərək masada qazanmaq kimi bir təcrübə yoxdur. Rusiya da bunun fərqindədir. Bu səbəbdən hücumlarının kəsərini artırır, maksimum işğalı genişləndirmək istəyir.
Yaxşı işğalçı anlayışı yoxdur. İşğalçıların hamısı eynidir. İşğala məruz qalanların da hamısı eynidir. Döyüşür, ölür, öldürür, ədalət axtarır, ikili standartlardan danışır. Ümumiyyətlə, ədalətli sülh anlayışı yoxdur. Dünyada ədalət var? Ədalət anlayışı olsaydı Qarabağla bağlı BMT qətnamələri işləyirdi, Fələstin dövləti yaranardı, canlı yayımda, dünyanın gözü qarşısında fələstinlilər qırılmazdı, Rusiya nəinki 2022-ci ildə Ukraynaya hücum edərdi, Krımı geri qaytarardı...
Azərbaycanda bir çoxları düşünür ki, Rusiya-Ukrayna müharibəsi qısa zamanda bitməlidir. Soyuqqanlı düşünəndə, müharibənin qısa zamanda bitməsi Cənubi Qafqaz ölkələrinin strateji maraqlarına ziddir. Niyə? Çünki Rusiya Cənubi Qafqaza və Orta Asiyaya diqqət ayıracaq. Rusiyanın Cənubi Qafqazda təsir rıçaqları mövcuddur? Bəli? Gəlin, bunu açaq.
Məlum 10 noyabr bəyanatı ilə birgə Qazax rayonunun 7 və Naxçıvanın Kərki (anklav) kəndinin Azərbaycana qaytarılması məsələsi gündəmə gəldi. Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etdi ki, Ermənistan bu kəndlərin geri qaytarılması ilə bağlı öhdəlik götürüb. Ermənistan tərəfi də bunu inkar etmədi. Ortada bir sənəd olmadığı üçün sənədə istinad edə bilmirəm. Xüsusilə anklav kəndlərin qaytarılması məsələsi iki ölkə arasında sülh müqaviləsinin bağlanması məsələsində ciddi düyün kimi görsənir.
Misal üçün, Ermənistan Qazax rayonunun 4 kəndini geri qaytardı. Ancaq bu Ermənistan hakimiyyəti üçün o qədər də asan başa gəlmədi. Ölkədə mitinqlər, yürüşlər baş verdi, həbslər dalğası oldu. Proses Ermənistanda sancılı həyata keçdi. Anklavların qaytarılması da Ermənistanda asan keçməyəcək.
Sual yaranacaq ki, bu mövzunun Rusiya ilə nə əlaqəsi var? Əslində birbaşa əlaqəsi var. Rusiya onsuzda regionda çoxlu sayda bu tip minalar basdırıb. Anklavlar da bu minalardan biridir. Ermənistanda belə bir fikir səsləndir ki, Kərki ilə Gədəbəyin Başkəndi başabaş dəyişdirilməlidir. Rəsmi Bakının buna gedəcəyi inandırıcı deyil. Çünki Başkəndin heç bir strateji əhəmiyyəti yoxdur. Ancaq Azərbaycana qaytarılmalı olan kəndlərin ciddi strateji əhəmiyyəti mövcuddur.
Digər tərəfdən Ermənistan tərəfi rəsmi olaraq Başkəndi Azərbaycandan tələb edə bilmir. Əldə edilmiş razılaşmada Başkənddən söz açılmır. Rusiya açıq şəkildə bildirir ki, qısa zamanda Azərbaycanla Rusiya arasında sülh müqaviləsinin bağlanmasını istəmir. Rusiya anklavlar və digər bəhanələrlə yenidən prosesə müdaxilə edə bilər.
ATƏT-in Minsk qrupu ləğv edildi. Azərbaycan daha çox Rusiya bu regiondan sıxışdırılır tipli fikirlər səsləndirilir, yazılır. Ancaq real vəziyyətə baxdıqda Minsk qrupunun ləğvi ilə bu regiondan sıxışdırılıb çıxarılan ölkə Fransa oldu. Çünki Rusiyanın Ermənistanda hələ də təsir rıçaqları var, anklavlar məsələsində vəziyyəti istənilən vaxt gərginləşdirə bilər, bundan əlavə müəyyən razılaşmalar da mövcuddur. Gürcüstan ərazisinin təxminən 20 faizinin işğalda olması da faktdır. ABŞ də regionda ən azı Vaşinqton bəyanatı ilə təmsil olunur. Açıq şəkildə deyə bilərik ki, Fransa bu regiondan tamamilə sıxışdırılıb çıxarılıb.
Əlavə etmək lazımdır ki, Fransanın bu regiondan çıxarılmasında Azərbaycanın birbaşa rolu oldu və rəsmi Bakı dirəniş göstərdi. Məsələ bundan sonrakı mərhələdir. Bu region hansı ölkələrin təsir dairəsində olacaq? Rusiya və ABŞ-ni başa düşdük. Yeni oyunçunun bu regiona ayaq açmasına şərait yaradacaqlar? İsrailin o potensialı yoxdur, Almaniyanın da həmçinin. Əgər bu regiona üçüncü bir ölkə transfer olacaqsa, bu Böyük Britaniya ola bilər. Hətta düşünürəm ki, Fransanın sıxışdırılıb çıxarılmasında Böyük Britaniyanın ciddi rolu olub. Yeri gəlmişkən, Ukraynada da Böyük Britaniya ilə Fransanın rəqabət içərisində olduğunu görmək olur.
Digər sual: Regionda yenidən münaqişə ola bilər? Mümkün variantdır. Əgər Rusiya bu regionda varlığını sübut etmək istəyəcəksə, anklavlar üzərindən Ermənistan daxilində müəyyən proseslər apara bilər və Zəngəzur dəhlizi adlanan istiqamətində isə münaqişə yarada bilər. 2020-ci ilin 10 noyabr bəyanatından sonra da yazırdım, əgər regionda yeni münaqişə yaranacaqsa, bu dəfə bu münaqişə ocağı Ermənistan ərazisində olacaq. Ən azı Rusiya bir neçə dəfə buna cəhdlər edib, sadəcə olaraq Azərbaycan tərəfi Ermənistanın yaşayış məntəqələrinə enməyib. Enmək şansı bir neçə dəfə olsa da, sadəcə rəsmi Bakı Rusiyanın bu oyununa gəlməyib.
Hazırda dünyada böhranlı bir vəziyyət yaranıb. Böhranın daha da dərinləşməsi gözləniləndir. Məlum böhran bizim regiondan da yan keçə bilməz. Böhrandan ən gözəl çıxış yolu isə toqquşmalardır. Bu məsələdə Azərbaycan və Ermənistan tərəfinin mövqeyindən, dirənişindən çox şey asılıdır. Hazırkı Ermənistan hakimiyyəti də bu məsələdən yan keçmək xətti tutub. Ən azı Paşinyan hakimiyyətinin necə addım atacağını proqnoz etmək mümkündür. Ancaq Paşinyan seçkilərdə uduzarsa və Rusiyanın dəstəklədiyi qüvvələr hakimiyyətə gələrsə, o zaman hadisələrin necə inkişaf edəcəyini demək mümkün deyil. Hətta bunu rəsmi Bakı da proqnozlaşdıra bilmir. Azərbaycan tərəfi yalnız proseslərə adekvat davranmaq üçün hazırlıqlar görə bilir və proseslər onu göstərir ki, addımlar da bu istiqamətdə atılır.
Səxavət Məmməd