Medianews.az
Güzəştli mənzillər
171 baxış

Güzəştli mənzillər necə satılsa yaxşıdır?

2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) indiyədək bir neçə dəfə güzəştli mənzillərin satışını həyata keçirib. Agentliyin sərəncamında olan mənzillər “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada satılır. Sonuncu satış dekabrın 3-də olub.

MİDA-nın mənzilləri həmişə bir göz qırpımında satılıb qurtarır. Bəzi istifadəçilər bundan gileylidirlər. Onların dediyinə görə, proses o qədər sürətlə gedir ki, satışda iştirak etməyə vaxt çatdırmaq olmur.

Bəziləri isə elektron sistemin heç də həmişə saz vəziyyətdə işləmədiyini, satış başlananda müraciət sayı çox olduğuna görə sistemin ani olaraq çökdüyünü, nəticədə texniki xəta ucbatından xeyli adamın prosesdən kənarda qaldığını deyirlər.

Bu səbəbdən güzəştli mənzillərin satışı formasını dəyişmək, tutalım, satışı elektron qaydada deyil, canlı püşkatma ilə keçirmək kimi təkliflər səslənir.

MİDA-nın sərəncamında olan mənzillərin satışa çıxarılması qaydalarında dəyişiklik etmək, satışı elektron formatdan canlı formata keçirmək lazımdırmı?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, MİDA-nın güzəştli mənzillərinin hər satışında müxtəlif texnoloji nasazlıqlar müşahidə olunur: “Məlumatlara görə, noyabrın 3-də mənzillərin satışına start veriləndə ilk bir neçə saniyədə bəzi adamlar sistemə daxil ola bilməyiblər. Çox qısa müddətdən, 21 saniyədən sonra isə sistemdə mənzillərin satışının bitdiyi qeyd olunub. Proses neçə ildir ki, bu qaydada davam edir.

MİDA-nın bu prosesdə vətəndaş məmnunluğunu təmin etməkdə çətinlik çəkdiyi duyulur. Agentlik texnoloji tərəqqilərə getsə də, son texnologiyalardan istifadəyə cəhd etsə də, nasazlıqları aradan qaldırmağa çalışsa da, belə görünür ki, buna lazımınca nail ola bilmir”.

E.Abbasov vurğulayıb ki, MİDA-nın mənzil seçimində tətbiq etdiyi rəqəmsal lotereya mexanizmi kənar müdaxilələrə və botlara qarşı mübarizədə kifayət qədər effektiv deyil: “Sistemin zəifliyi səbəbindən yaranan ardıcıl ictimai narazılıqlar və sürətli seçimin qarşısını ala bilməmək amili, qurumun cəmiyyətin etibarını itirmək riskini kəskin şəkildə artırır. Bu şəraitdə, rəqəmsal təhlükəsizlik tədbirləri ilə yanaşı şəffaflığı bərpa etmək üçün MİDA-nın lotereya prosesində manual (ənənəvi) və ya hibrid həllərin tətbiqinə ciddi şəkildə baxması bir zərurətə çevrilir. Yaxşı olar ki, MİDA alternativ satış qaydaları üzərində də düşünsün. Əgər sırf elektron satışla cəmiyyəti tam qane edə bilmirsə, narazı qalan çoxdursa, onda hibrid formadan, yəni mənzillərin bir hissəsini elektron, bir hissəsini isə ənənəvi formada satışa çıxarmaq üsulundan yararlana bilər”.

E.Abbasov qeyd edib ki, MİDA-nın dekabrın 3-də reallaşdırdığı mənzil seçimi prosesi, rəsmi məlumata görə, mühüm dövlət strukturlarının nəzarəti altında keçirilsə də, proses zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilib: “Bu fakt MİDA sisteminin manipulyasiya edilməsi ilə bağlı əvvəlcədən irəli sürdüyümüz kritik fikirləri təsdiqləyir. İstənilən rəqəmsallaşmada databazalar və kodlar qurumun nəzarətində olduğu üçün hər zaman kənar şəxslərin botlar və ya avtomatlaşdırılmış skriptlər vasitəsilə sistemi manipulyasiya etmə cəhdi riski qalır. Təhlükəsizlik mexanizmləri bu cəhdlərin qarşısını operativ şəkildə alsa da, ilk mənzilin 21-ci saniyədə seçilməsi halı hələ də sistemin sürət və icazəsiz müdaxiləyə qarşı zəifliyinə işarə edir. Bu isə rəqəmsallaşma ilə bağlı narazılığın təbii olduğunu və insan faktoru olmadan həyata keçirilən qeyri-etik fəaliyyətlərə qarşı mübarizənin davam etdiyini göstərir.

Bu təhlükələrə cavab olaraq MİDA seçim başa çatdıqdan sonra daha sürətli seçimin qarşısının alınması məqsədilə xüsusi proqram təminatları vasitəsilə əlavə təhlükəsizlik tədbirlərini nümayiş etdirməyə ehtiyac duyub. Məhz bu ehtiyac, mənim ifadə etdiyim "MİDA proqramistləri sistemi manipulyasiya edilməyəcək formada qura bilmirlər" tənqidi fikrinin əsasını təşkil edir. Qurum rəqəmsallaşma səylərini lotereya kimi həssas sahəyə yönəltməkdənsə, şəffaflığın tam zəmanət verildiyi digər inzibati xidmətlərinin rəqəmsallaşdırılmasına üstünlük verməlidir. Beynəlxalq təcrübədə olduğu kimi, narazılığın və manipulyasiya cəhdlərinin yüksək olduğu bu kimi hallarda rəqəmsal lotereyanı manual (ənənəvi) üsullarla əvəz etmək və ya hibrid model tətbiq etmək daha səmimi və etibarlı bir həll ola bilər”.

Hətta E.Abbasovun fikrincə, ənənəvi üsul daha şəffaf görünür və cəmiyyətdə narazılıqları nisbətən azalda bilər: “Ümumən deyə bilərəm ki, Azərbaycanda bir çox qurum hələ də hibrid elektronlaşma yolundadır. Yəni elektronlaşmaya getsə də, alternativ xidmətləri də qüvvədə saxlayır. MİDA isə alternativ xidmətə yer ayırmır. Agentlik sırf rəqəmsallaşma yolu ilə gedir.

Əslində, bu, yaxşı amildir. Amma hər bir halda cəmiyyətin rəyi nəzərə alınmalıdır. MİDA-nın fokuslandığı konkret təbəqə var. Amma indiki formada mənzil satışı qarşıya qoyulan hədəfə çatmağa kifayət etmir. Məsələn, güzəştli mənzil almaq  hüququ olan şəxslərin arasında rəqəmsal bacarıqları tam formalaşmamış insanlar ola bilər. Ona görə MİDA alternativ satış üsullarından istifadə etməli, sərəncamında olan güzəştli mənzillərin tam hədəfə çatması üçün fərqli metodlardan yararlanmalıdır”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun