Medianews.az
Lionel Messi tarixə düşdü:
128 baxış

Lionel Messi tarixə düşdü: Altıncı dünya çempionatında iştirak edən ilk futbolçu

Argentina milli komandasının hücumçusu Lionel Messi altı dünya çempionatında iştirak edən ilk futbolçu kimi adını tarixə qızıl hərflərlə yazdırıb.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, o, ABŞ-nin Missuri ştatının Kanzas şəhərində keçirilən qrup mərhələsinin ilk turunda Əlcəzair yığmasına qarşı matçda meydana çıxıb.

Xatırladaq ki, beş dünya birinciliyində meksikalı Antonio Karbaxal və Rafael Markes, almaniyalı Lotar Matteus və Manuel Noyer, eləcə də 2026-cı il dünya çempionatı üçün Portuqaliya yığmasının heyətinə daxil edilən Kriştianu Ronaldu iştirak ediblər.

Şimali Amerikada keçirilən dünya çempionatının start turunda meydana çıxması sayəsində Messi dünya birinciliklərində keçirilmiş oyunların sayına görə rekordu yeniləyib. Əlcəzairlilərə qarşı oyun onun turnir tarixində 27-ci matçı olub. Karyerasını davam etdirən oyunçular arasında bu göstəriciyə görə ona ən çox yaxınlaşan futbolçu isə Ronaldudur (22).

Hazırda 38 yaşı olan Messi 2023-cü ildən Şimali Amerikanın Baş Futbol Liqasında (MLS) çıxış edən "İnter Mayami" klubunun şərəfini qoruyur. Avropada isə argentinalı ulduz Fransanın "Pari Sen-Jermen" və İspaniyanın "Barselona" klublarında oynayıb. O, Kataloniya təmsilçisinin heyətində dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. Hücumçu Dünya Çempionu (2022), dünya birinciliyinin gümüş mükafatçısı (2014), Olimpiya çempionu (2008) və ikiqat Amerika Kubokunun sahibidir (2021, 2024). Eyni zamanda, "Qızıl top"ların sayına görə (8) rekord məhz Messiyə məxsusdur.

Bizə qoşulun