Dünya futbol çempionatlarının qaliblərinə təqdim olunan məşhur kubokun müəllifi italiyalı heykəltəraş Silvio Qazzaniqadır.
Medianews.az xəbər verir ki, heykəltəraş bu əsəri yaradarkən kubokda idmançı mübarizəsini, azarkeş sevincini və qələbə anını əks etdirməyə çalışıb.
Kubok Milanda hazırlanıb
1970-ci ildə Braziliya üçüncü dəfə dünya çempionu olanda o dövrün qaydalarına əsasən dünya kubokunu daimi olaraq özü ilə apardı. Bundan sonra FİFA yeni kubokun hazırlanması üçün beynəlxalq müsabiqə elan etdi.
Müsabiqənin qalibi milanlı 50 yaşlı heykəltəraş Silvio Qazzaniqa oldu. O, layihəsini Milanın Brera məhəlləsində yerləşən emalatxanasında həyata keçirməyə başladı.
Bu gün bütün dünyada tanınan kubokun dizaynında Yer kürəsini simvolizə edən kürəni yuxarı qaldıran iki insan fiquru təsvir olunub.
Heykəltəraşın oğlu Corco Qazzaniqanın sözlərinə görə, atası əvvəlcə çoxlu eskiz hazırlayıb, sonra isə Yer kürəsini və yuxarıya doğru hərəkət edən iki DNT spiralını xatırladan fiqurları birləşdirən ideya üzərində dayanıb.
Silvio Qazzaniqa 2016-cı ildə 95 yaşında vəfat edib. O, Milandakı Brera İncəsənət Akademiyasını bitirib. Kubok istehsalçısı olan “G.D.E. Bertoni” şirkətində işləyib.
UEFA kuboku, UEFA superkuboku və dünya kuboku da daxil olmaqla futbolda ən məşhur mükafatlardan bir neçəsinin müəllifi məhz Silvio Qazzaniqadır.
Ondan əvvəl "Jül Rime" kuboku vardı
1930-cu ildə keçirilən ilk mundialda çempiona təqdim edilən kubok qədim yunanların qələbə ilahəsi Nikeni əks etdirirdi. Bu kubok sonradan turnirin banisi və FIFA prezidenti Jül Rimenin şərəfinə "Jül Rime kuboku" adlandırıldı.
Fransız heykəltəraş Abel Lafleurun hazırladığı kubok qızıl suyuna çəkilmiş gümüşdən hazırlanmışdı. Kubok lazurit daşından olan postament üzərində yerləşdirilmişdi.
İlkin qaydalara görə, dünya çempionu adını üç dəfə qazanan ölkə kuboku daimi olaraq özündə saxlamaq hüququ əldə edirdi. Braziliya 1970-ci ildə buna nail oldu və FİFA yeni kubok sifariş vermək məcburiyyətində qaldı.
"Jül Rime kuboku" iki dəfə oğurlanıb
İlk oğurluq 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatı zamanı baş verib. Kubok ictimai sərgidə olarkən yoxa çıxıb. FİFA-nın məlumatına görə, onu sonradan Londonun cənubunda kolluqların altından Pikles adlı it tapıb.
1983-cü ildə isə kubok Braziliya Futbol Assosiasiyaları Federasiyasının qərargahından yenidən oğurlanıb. O vaxtdan bəri tapılmayıb və çoxlarının fikrincə, əridilərək məhv edilib.
Qələbə uğrunda mübarizənin rəmzi
Silvio Qazzaniqanın layihəsi 25 ölkədən təqdim olunmuş 50-dən çox işi geridə qoyaraq qalib gəlmişdi.
Onun oğlu bildirir ki, atası digər iştirakçılardan fərqli olaraq yalnız eskiz təqdim etməmiş, kubokun tam ölçülü gips modelini də hazırlamışdı. Bu da münsiflərə hazır əsəri qiymətləndirmək imkanı vermişdi.
Corco Qazzaniqa qeyd edir ki, kubokun yuxarı hissəsində Yer kürəsi dayanır. Metalın içində isə qələbə uğrunda əziyyət çəkən, mübarizə aparan idmançının hərəkəti və gücü əks olunur.
Qələbə sevincini ifadə edən yuxarı qalxmış qollar Qələbə ilahəsinin qanadlarını xatırladır və bu, həm idmançının triumfunu, həm də azarkeşlərin sevincini simvolizə edir.
Qazzaniqa ailəsi bu gün də heykəltəraşın Milan yaxınlığındakı Pioltello şəhərində yerləşən emalatxanasını qoruyub saxlayır. Burada eskizlər, FİFA-ya təqdim olunmuş ilk prototip və mum qəlib nümayiş etdirilir.
2026-cı ilin əvvəlində Milan şəhər rəhbərliyi Silvio Qazzaniqanın vaxtilə işlədiyi emalatxananın qarşısına xatirə lövhəsi də vurub.
Qaliblər kuboku niyə özlərində saxlamırlar?
Finaldan sonra qalib komandanın başı üzərinə qaldırdığı dünya kuboku 36 santimetr hündürlüyündədir. O, 18 əyarlı qızıldan hazırlanıb, alt hissəsində isə futbol meydançalarını simvolizə edən iki yaşıl malaxit halqası yerləşir.
Lakin turnir başa çatdıqdan sonra kubok yenidən FİFA-ya qaytarılır.
Orijinal kubok dünya çempionatları arasında FİFA-nın İsveçrədəki qərargahında saxlanılır. Dünya çempionuna isə qızılla örtülmüş surəti təqdim olunur.
Hazırkı qaydalara görə, artıq heç bir komanda – üç dəfə dünya çempionu olsa belə – orijinal kuboku daimi olaraq əldə edə bilməz.
Silvio Qazzaniqanın hazırladığı kuboku ilk dəfə 1974-cü il dünya çempionatının qalibi olan Qərbi Almaniyanın kapitanı Frans Bekkenbauer başı üzərinə qaldırıb.
Corco Qazzaniqa həmin finalı ailəsi ilə birlikdə televiziyada izlədiyini xatırlayır.
Onun sözlərinə görə, əsl sevinc partlayışı Almaniya millisinin Münhendə kuboku qaldırdığı anda yaşanmışdı: "Həmin an adi bir əşya əsl simvola çevrildi".
Silvio Qazzaniqanın irsi yaşayır
Silvio Qazzaniqa 31 oktyabr 2016-cı ildə Milanda 95 yaşında vəfat edib. Onun yaratdığı əsərlər İtaliyada və dünyanın müxtəlif ölkələrində yüksək qiymətləndirilir.
2003-cü ildə Milan şəhəri onu mədəni irsə verdiyi töhfəyə görə şəhərin ən nüfuzlu mükafatlarından biri olan "Ambrogino d'Oro" ilə təltif edib.
2011-ci ildə isə Beynəlxalq Numizmatlar və Medal Dizaynerləri Assosiasiyası ona medal və kubok dizaynına ömür boyu töhfə verdiyinə görə beynəlxalq mükafat təqdim edib.
Hər dörd ildən bir keçirilən futbol üzrə dünya çempionatı da Silvio Qazzaniqanın yaradıcılığına verilən ən böyük qiymətlərdən biri sayılır.
Toğrul Əli,
Medianews.az













