İran ordusu ABŞ-nin hava zərbələrini bərpa edəcəyi təqdirdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib.
Bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəmniya rəsmi televiziya kanalına müsahibəsində deyib. “Əgər amerikalılar bir daha İsrailin təxribatına uysalar və ya onun tərəfini tutaraq, müharibəni davam etdirməkdə, xüsusilə hava zərbələri vurmaqda israr etsələr, münaqişə daha da genişlənəcək”, - deyə sözçü bildirib.
Xatırladaq ki, “Axios”un məlumatına görə, Prezident Donald Tramp cümə günü ABŞ ordusuna İrana yeni zərbələr endirməməyi tapşırıb və bununla da iki həftəyə yaxın davam edən gündəlik hücumlara son qoyulub.
Eyni zamanda, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə Vaşinqtona səfər edəcəyini təsdiqləyib. Tərəflər arasında keçiriləcək görüşdə İranla bağlı məsələlərin də müzakirə ediləcəyi bildirilir./AZƏRTAC