Futbolda qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində təxminən səkkiz aydır həbsdə olan "Qalatasaray Sportif AŞ"-nin keçmiş vitse-prezidenti Erden Timur azadlığa buraxılıb.
Medianews.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 29 dekabr 2025-ci ildə "cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması" ittihamı ilə həbs edilən Timur Silivridə yerləşən Marmara Qapalı Həbsxanasından sərbəst buraxılıb.
Dünən axşam saatlarında həbsxananadan çıxan Erden Timuru qohumları və yaxınları qarşılayıb. Onun azadlığa çıxacağı xəbərini alan tərəfdarları həbsxananın qarşısında toplaşaraq sevinc nümayiş etdiriblər.
Azadlığa buraxıldıqdan sonra açıqlama verən Timur yaşadığı proseslə bağlı diqqətçəkən fikirlər səsləndirib.
“Allaha şükür. Buradan çox şey öyrənərək çıxıram. Məni bura göndərənlərə və mənə böhtan atanlara da Allah xeyir versin. Allah böyükdür”, - deyə o bildirib.
Erden Timurun həbsdən sonrakı görüntüləri isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun nəzərəçarpacaq dərəcədə arıqladığı, saçlarının və saqqalının ağardığı diqqət çəkib.
Xüsusilə qar kimi ağ saqqalı və yorğun görünüşü həbsxanada keçirdiyi ayların izlərini daşıdığı barədə çoxsaylı şərhlərə səbəb olub. Sosial media istifadəçiləri Timurun qısa müddətdə ciddi şəkildə dəyişdiyini qeyd ediblər.
Qeyd edək ki, Erden Timur Türkiyə futbolunda tanınmış simalardan biri olmaqla yanaşı, uzun müddət "Qalatasaray" rəhbərliyində mühüm vəzifələrdə çalışıb.
Medianews.az

