Ötən gün saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.
10:05
Gəncədə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Medianews.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verib.
Bildirilib ki, Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar. Məsələ nəzarətə götürülüb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
09:30
Gəncədə dönərdən zəhərlənən məktəblilərin kimliyi məlum olub.
APA-nın yerli məlumatına görə zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Xatırladaq ki, zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
09:04
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.