İsrailin keçmiş baş hərbi prokuroru Yifat Tomer-Yeruşalmi intihar şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib və onun vəziyyətinin dərmanların həddindən artıq qəbulundan qaynaqlandığı bildirilir.
"Yedioth Ahronot" qəzetinin məlumatına görə, saat 06:50-də İsrailin təcili yardım xidmətinə çağırış daxil olub və Yeruşalminin evinə tibbi yardım göstərmək üçün təcili yardım briqadası göndərilib.
Qeyd edək ki, Yifat Tomer-Yeruşalmi Sde Teiman hərbi həbsxanasında fələstinli bir məhbusa qarşı baş vermiş təcavüz hadisəsinin görüntülərini mətbuata sızdırmaqda ittiham olunur. Bu səbəbdən o, 10 gün müddətinə ev dustaqlığına məhkum edilmişdi.
Mətbuat yazır ki, Yeruşalmi saxlanıldığı 2 noyabr tarixində mobil telefonunu dənizə atmaqda şübhəli bilinib. İsrail polisi həmin telefonu tapmaq üçün Təl-Əviv yaxınlığındakı çimərlikdə dalğıclarla axtarış aparıb.
Xatırladaq ki, keçmiş prokurorun ifşa etdiyi görüntülər İsrailin Sde Teiman hərbi həbsxanasında əsgərlərin fələstinli məhbusa təcavüz etdiyini göstərirdi. Sözügedən hadisə ölkədə və beynəlxalq mediada geniş rezonans doğurmuşdu. Yeruşalmi ötən həftə ifrat sağçı qrupların təzyiqindən sonra vəzifəsindən istefa vermişdi.
Medianews.az