Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV ilə bağlı qanun dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 4 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülə bilər.
Qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb. ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq və onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Qanun layihəsi vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bəs bu dəyişiklik sahibkarlara hansı üstünlüklər vəd edir? Dörd il müddətinə nəzərdə tutulan bu güzəştin iqtisadiyyata və dövlət büdcəsinə təsiri necə qiymətləndirilir?
Lideral İqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: "Təklif edilən dəyişiklik sahibkarların ƏDV depozit hesablarında olan vəsaitlərdən daha çevik istifadə etməsinə imkan yaradacaq. Hazırda həmin vəsaitlər əsasən ƏDV üzrə hesablaşmalar üçün istifadə olunur. Dəyişiklik qüvvəyə mindikdən sonra isə müəyyən şərtlər daxilində bu vəsaitlərin bir hissəsini Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan məcburi sosial sığorta haqlarının ödənilməsinə yönəltmək mümkün olacaq. Bu da xüsusilə dövriyyə vəsaiti məhdud olan müəssisələrin maliyyə yükünü müəyyən qədər azaldacaq və onların likvidliyini artıracaq.
Yeni mexanizm qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl müəssisələrin cari öhdəliklərini vaxtında yerinə yetirməsinə kömək edə, əməkhaqlarının və sosial ödənişlərin gecikməsi riskini azalda bilər. Eyni zamanda, sahibkarlar əlavə maliyyə vəsaiti cəlb etmədən mövcud resurslardan daha səmərəli istifadə etmək imkanı əldə edəcəklər".
İqtisadçı qeyd edib ki, dəyişikliyin dörd il müddətinə tətbiq olunması onun iqtisadi təsirlərinin qiymətləndirilməsi üçün sınaq xarakteri daşıyır: "Gözlənti ondan ibarətdir ki, bu müddətdə biznesin maliyyə dayanıqlığı güclənəcək, qeyri-neft özəl sektorunun inkişafı sürətlənəcək və məşğulluğun qorunmasına müsbət təsir göstərəcək. Dövlət büdcəsi baxımından isə bu dəyişiklik birbaşa vergi güzəşti yaratmır. Əsas dəyişiklik vəsaitlərin istifadə istiqamətinin genişləndirilməsidir.
Buna görə də büdcə gəlirlərində ciddi azalma gözlənilmir. Əksinə, sosial sığorta ödənişlərinin vaxtında daxil olması Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını gücləndirə və vergi intizamının yaxşılaşmasına töhfə verə bilər. Bununla yanaşı, tətbiq ediləcək qaydalar və nəzarət mexanizmləri bu imkanın səmərəli və məqsədəuyğun istifadəsində mühüm rol oynayacaq".//Muavat.com