Medianews.az
Dünya çempionatı: seçmələri hansı komandalar adlayıb?
884 baxış

Dünya çempionatı: seçmələri hansı komandalar adlayıb?

2026-cı ilin dünya futbol çempionatının seçmələri finiş xəttinə çıxır.

Medianews.az xəbər verir ki, final raunduna Cənubi Amerikadan Argentina, Braziliya, Ekvador, Kolumbiya, Paraqvay, Uruqvay, Okeaniyadan Yeni Zelandiya, Asiyadan Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Qətər, Səudiyyə Ərəbistanı, Afrikadan Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo Verde, CAR, Fil Dişi Sahili, Seneqal, Avropadan İngiltərə adlayıb.

48 milli komandanın qatılacağı çempionata ABŞ, Kanada, Meksika ev sahibləri kimi vəsiqə alıb. Seçmələrdən Avropanın 16, Afrikanın 9, Asiyanın 8, Cənubi Amerikanın 6, Şimali və Mərkəzi Amerikanın 3, Okeaniyanın 1 bileti var. 2 vəsiqənin sahibi Afrika, Asiya, Okeaniya, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşəcək.

Avropada 54 UEFA üzvü 12 qrupa bölünüb. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə alır, ikincilər və Millətlər Liqasının dörd ən yaxşı komandası qalan biletlər uğrunda yarışır. Azərbaycan milli komandası D qrupunda Fransa, Ukrayna və İslandiyaya rəqib olub. Sona iki tur qalmış Fransa 10, Ukrayna 7, İslandiya 4, Azərbaycan 1 xal toplayıb.

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun