Serbiya prezidenti Aleksandr Vuçiç postunu dəyişməyə hazırlaşır.
Medianews.az-ın məlumatına görə, o, payıza növbədənkənar parlament seçkisi təyin etmək, ardınca istefa vermək niyyətində olduğunu bir daha açıqlayıb.
Vuçiç parlament seçkisinə qatılaraq baş nazir postuna qayıtmaq istəyini iyun ayının əvvəlində bəyan etmişdi.
Ölkədə hökumət proporsional üsulla (partiya siyahıları üzrə) seçilən 250 yerlik parlamentdə qüvvələr nisbətinə uyğun qurulur. 2023-cü ildə seçilmiş indiki parlamentdə Aleksandr Vuçiçin bağlı olduğu Serb Tərəqqi Partiyası üstün mövqedədir. Baş nazir postunu partiyasız Curo Matsut tutur.
1970-ci il təvəllüdlü Aleksandr Vuçiç Belqrad Universitetinin hüquq fakültəsini bitirib. 2012-ci ildən Serbiya hökumətində müxtəlif rəhbər vəzifələr tutub, 2014-cü ildən baş nazirlik eləyib, 2017 və 2022-ci illərdə prezident seçilib. Onun ikinci prezidentlik müddəti 2027-ci ilin yazında bitir.
Medianews.az