Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin olunan Azər Mursaqulov şəhid professor İsmayıl Mursaqulovun oğludur.

Medianews.az bildirir ki, İsmayıl Mursaqulov 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub.
İndiki Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1966–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1967–74-cü illərdə isə Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib.
1974–1978-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında, 1977-ci ildən Azərbaycan Elmlər Akademiyası Xlor-üzvi Sintez İnstitutunda çalışıb, 1978-ci ildən ömrünün sonuna qədər isə laboratoriya və şöbə müdiri vəzifəsində işləyib.

1990-cı il yanvarın 20-də sovet imperiyasının Bakı şəhərinə qoşun yeridərək xalqımızın başına gətirdiyi vəhşi cinayət qurbanlarından biri də professor İsmayıl Həsən oğlu Mursaqulovdur. O, 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən sovet hərbçilərinin vəhşiliyi nəticəsində ağır zədə alıb. Fevralın 3-də dünyadan köçüb.
Professor İsmayıl Mursaqulova "20 Yanvar şəhidi" fəxri adı verilib.

İsmayıl Mursaqulov Şəhidlər xiyabanında dəfn olunub.
Yaşadığı binaya xatirə lövhəsi vurulub. Adına küçə var.
