Mərkəzi Çinin Xubey əyalətinin şərq hissəsində bazar ertəsi axşam saatlarında baş verən tufan və şiddətli külək nəticəsində səkkiz nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin Xuanşi, Xuanqan, Eçjou və Syannin şəhərlərində güclü küləklə müşayiət olunan tufan qeydə alınıb. İki qəsəbədə küləyin sürəti 13 bala çatıb, bəzi yaşayış məntəqələrində isə tornado qeydə alınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda fəlakət bölgəsində xilasetmə əməliyyatları davam etdirilir.
Bundan başqa, ölkənin şimal-qərb bölgəsində yerləşən Qansu əyalətində torpaq sürüşməsi baş verib. Bildirib ki, hadisə nəticəsində 16 nəfər dağıntılar altında qalıb. Hazırda hadisə yerində xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərirlər. Yerli hakimiyyət orqanları fəlakət zonasında olan insanların təxliyəsini və təhlükəsiz yerlərə yerləşdirilməsini təmin ediblər./oxu.az