Medianews.az
Azərbaycanlıların öldürüldüyü şəhərdə...
75 baxış

Azərbaycanlıların öldürüldüyü şəhərdə... Paşinyan üçün duz – çörək

Rusiya – Ermənistan “müharibəsi”nin şou olduğu barədə yazdıqlarımız Nikol Paşinyanın Yekaterinburq hava limanında duz-çörəklə qarşılanma mərasimi ilə bir daha təsdiqini tapdı. Kremlə döyüşüb, Avropaya inteqrasiya edən erməni baş nazir trampdan necə sevincək endisə, sanki uzun illərin həsrəti var idi. Hələ çörəyi duza batırıb yeməsi...Seçki kompaniyasında Alen Simonyanla birgə iştahla qarğıdalı, peraşki yeməsinə çox bənzədi...

67a57f37-50dd-4af3-b1c9-52a90551022f.jpg (88 KB)

Açıq-aydın görünürdü ki, Nikol Paşinyanın Avropa İttifaqı ilə intensiv əlaqələrinin kökündə Rusiyanı daha çox şantaj etmək və Avropadan daha artıq vəsait qopartmaq niyyəti dayanıb. Budur, Avropa Komissiyasının prezidentini də İrəvanda gül-çüçəklə qarşılayıb, ondan Ermənistan üçün əlavə bazar imkanları və pul-kredit siyasəti ilə bağlı bəyanatlar aldıqdan sonra arın-arxayın Yekaterinburq toplantısına üz tutdu. Keçən ilin bu vaxtları Rusiyanın həmin şəhərində Azərbaycan diasporunun fəallarına divan tutulmuşdu, qətlə yetirilənlər, uzun müddətə həbs edilənlər, repressiyaya məruz qalanlar. Proses hələ də davam edir, dinclik vermirlər soydaşlarımıza. Bir il sonra bu şəhərdə guya Rusiyaya qarşı çıxan, KTM, Aİİ-ni tərk etmək niyyətində olan Paşinyana qucaq açıldı.

Səfər ərəfəsində belə iddialar yayıldı ki, guya iştirakçılar arasından Paşinyanın adı çıxarılıb. Amma bütün bunlar Moskva-İrəvan arasında “kritik” münasibət fonunun yaradılması üçün idi. Budur, Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb və ürəyini açıb. “Ermənistan Avrasiya İqtisadi Birliyində iştirakını davam etdirməkdə və AİB mexanizmlərinin səmərəli işləməsini təmin etməkdə maraqlıdır”, deyib Ermənistanın baş naziri. Nə olsun ki, bu günə qədər Kremldən rəsmi təbrik almayıb. Bu səfər dəvəti elə təbriksayağı bir şeydir onun üçün. Onsuz da Paşinyan üçün prinsip məsələsi çox arxaikləşmiş mövzudur, hər hansı kompleksi olmayan adamdır. Bir gündə mövqeyini 180 dərəcə dəyişməyə “qadirdir”. Dünənə qədər “sərt” bəyanatlar verirdi. Bu gün isə “Biz AİB-də iştirakımızda və AİB müqaviləsində nəzərdə tutulan mexanizmlərin nəzərdə tutulduğu kimi işləməsini təmin etməkdə maraqlıyıq. Hesab edirəm ki, bu, AİB-in gələcək inkişafı üçün faydalıdır”, - deyib.

f2c3f3a5-0932-4543-8d4c-88dbcf126cfc.jpg (49 KB)

“RİA Novostinin məlumatına görə, Rusiya Baş naziri Mixail Mişustin bazar ertəsi Yekaterinburqda keçirilən “İnnoprom” beynəlxalq sənaye sərgisində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Mişustin və Paşinyan arasında görüşdə Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, Rosselxoznadzor rəhbəri Sergey Dankvert, Rosatom rəhbəri Aleksey Lixaçev, Rusiya Dəmir Yolları rəhbəri Oleq Belozerov, “Rospotrebnadzor” rəhbəri Anna Popova, Xarici İşlər nazirinin müavini Mixail Qaluzin, Dövlət katibi və maliyyə nazirinin müavini Aleksey Sazanov, Nəqliyyat nazirinin müavini Aleksey Şilo, İqtisadi İnkişaf nazirinin müavini Vladimir İliçev, Energetika nazirinin birinci müavini Pavel Sorokin və Sənaye və Ticarət nazirinin müavini Aleksey Qruzdev iştirak edirlər.

c1f519d2-86f0-4250-8289-ef26478e8c2d.jpg (47 KB)

Tərkibdən belə aydın olur ki, Paşinyanın kənd təsərrüfatı məhsullarına qoyulan qadağalar da aradan qaldırılacaq, beləliklə “xiyar-pomidor sanksiyası”na son qoyulacaq. Rusiya Ermənistan üzərində milyardlarla dollarlıq gizli ticarət qurur, ona belə üzüyola forpost çox lazımdır. İstəsə, gözlərinin ikisini bir düşikdən çıxararar, Gümrüdəki hərbi bazaya işarə versə...İstəmir. Beləcə, “soyuq münasibət” daha effektlidir, qara iqtisadiyyatı həyata keçirmək üçün...

Məntiqlə Rusiya Ermənistana xüsusən Polşada keçirilən Ukraynanı bərpa sammitində iştirakdan sonra daha çox qəzəbli olmalı idi. Amma gördüyümüz kimi, hər hansı qəzəb yoxdur. Bəlkə elə özləri tapşırıblar ki, Qriqoryan Avropa İttifaqının tədbirində iştitrak etsin, görsün orda Rusiyaya qarşı nə planlaşdırırlar? Yəni Rusiya forpost Ermənistanı özünün Avropa İttifaqındakı “qulağı” statusunda görür, başqa heç nə...Unutmamışıq, hələ torpaqlarımız işğal altında olan zaman, yaxud 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan Rusiyanın iştirak etmədiyi görüşlər keçirəndən az sonra İrəvanla Moskva arasında telefon əlaqəsi, yaxud qarşılıqlı səfərlər olurdu, Kreml məlumatlandırılırdı...

Ermənistanın Baş naziri Nikol Paşinyan “Innoprom-2026” beynəlxalq sənaye sərgisinin pavilyonlarını gəzməsindən bəhs edən video paylaşıb. Çox sevinir. Seçkiləri öz xeyrinə yekunlaşdırdı və Rusiya ilə “dava-dava” oyununun sonu xoş sonluqla bitdi. Elə onun “Sənaye 360: Sərhədsiz istehsal” adlı plenar iclasa dəvət olunmasının özü Ermənistanın Aİİ və KTMT-nin daimi üzvü olduğunun bir daha təsdiqidir. Nə olsun ki, “dondurublar”, hərdən dondurmanın özü də faydalı sayılır.

8ce3c2f5-9570-4266-b347-7337f08c984e.jpg (10 KB)

Anormallıq bilirsiniz nədir? Rusiya Avropa İttifaqına guya can atan, bazarlıq edən Ermənistanla “dalaşır”, amma yekunda rus PUA-ları Azərbaycanın Ukraynadakı yanacaqdoldurma məntəqəsini hədəfə alır...Təsadüf olmadığını PUA hücumunun bir yox, iki dəfə olması da tam təsdiqləyir. Bundan əvvəl də Ukraynadakı Azərbaycan maraqlarına bənzər hücumlar edilmişdi, COSAR məntəqələrinə, həmçinin səfirliyimizə PUA hücumu konkret plandan xəbər verir. Beləliklə, Rusiya Azərbaycana pisliklərini davam etdirir, mülki təyyarəmizin vurulmasının ardınca növbvəti pisliklər. Rəsmi Bakı Moskvaya nota verərək sərt etirazını bildirib, Rusiyanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb. Kreml Azərbaycandan nə istəyir? Axı, biz Avropa İttifaqı, ya NATO-ya üzv olmaq istəmirik...Bəlkə elə səbəb burdadır. Kreml Azərbaycanı Aİİ-də görmək niyyətini gizlətmir, bəlkə buna görə?..Bəlkə Azərbaycan Polşada, Ukraynanı bərpa sammitinə qatılıb, ona görə? Bəlkə Zəngəzur dəhlizinin “Putin dəhlizi” adlandırılmasını istəyir? Bəlkə benzin qıtlığından əziyyət çəkən Kreml 1941-45-ci illərdəki kimi Azərbaycan yanacağını müharibədə xilaskar hesab edir. Bəlkə...

Elşad Paşasoy

Bizə qoşulun