ABŞ-li rejissor, ssenarist və prodüser Çak Rassel 74 yaşında vəfat edib.
Bu barədə mərhumun qohumları TMZ nəşrinə bildiriblər.
Kinematoqrafçının ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, rejissor 1952-ci il mayın 9-da ABŞ-nin İllinoys ştatında anadan olub. Rassel rejissorluq karyerasına 80-ci illərin sonlarında "Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri" və "Damla" qorxu filmləri ilə başlayıb. Cim Kerrinin baş rolda oynadığı və "Oskar" mükafatına namizəd olan "Maska" (1994) komediyası isə ona dünya şöhrəti qazandırıb.
Rejissorun digər populyar layihələri arasında Arnold Şvartseneggerin iştirakı ilə "Silici" (1998) döyüş filmi və Dueyn Consonun ilk əsas rolunu ifa etdiyi "Əqrəblər kralı" (2002) xüsusi yer tutur. Hər iki ekran əsəri nümayiş olunduqdan sonra kassa gəlirlərinə görə hitə çevrilib.
Karyerasındakı uzunmüddətli fasilədən sonra Rassel 2010-cu illərin ortalarında Con Travolta və Brüs Uillisin rol aldığı "Mən qəzəbəm" (2016) və "Cənnət şəhəri" (2022) döyüş filmlərini çəkərək kinematoqrafiyaya qayıdıb. Onun son işi 2024-cü ildə ekranlara çıxan "Cadugər taxtası" qorxu filminin remeyki olub.//Oxu.Az