Türkiyədə İstanbul Bilgi Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar rəsmi şəkildə geri götürülüb.
Medianews.az xəbər verir ki, prezident qərarı ilə universitet yenidən fəaliyyətini davam etdirəcək.
Daha əvvəl əmanətlərin Sığortalanması Fondunun (TMSF) qəyyum təyin olunduğu Can Holdinqə məxsus İstanbul Bilgi Universitetinin bağlanması və tələbələrin Mimar Sinan Gözəl Sənətlər Universitetinə köçürülməsi planlaşdırılırdı. Lakin həmin universitetdə bir sıra ixtisasların və laboratoriya infrastrukturunun olmaması tələbələrin narazılığına səbəb olmuşdu.
Günlərlə davam edən etiraz aksiyalarından sonra qərara yenidən baxılıb. Türkiyənin “Rəsmi Qəzet” nəşrində dərc edilən yeni prezident sərəncamı ilə Bilgi Universitetinin fəaliyyət icazəsinin ləğvi ilə bağlı əvvəlki qərar qüvvədən düşüb.
Sərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanıb. Qərarda bildirilib ki, Yüksəköğretim Kurulunun (YÖK) müraciəti əsasında 21 may 2026-cı il tarixli əvvəlki qərar ləğv edilib.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında baş tutan əməliyyat çərçivəsində "Can Holding"in şirkətlərinə TMSF tərəfindən qəyyum təyin edilmiş, universitetin bağlı olduğu Bilgi Təhsil və Mədəniyyət Vaqfının rəhbərliyi isə məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırılmışdı.