Azərbaycanla Gürcüstan arasında sərnişin qatarlarının fəaliyyəti bərpa edilir.
Məlum olduğu kimi, ölkəmizdən xaricə sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası dövründən - 2020-ci ilin yazından dayandırılıb.
Gələn həftə Bakıdan Tbilisiyə və geri sərnişin qatarları işə düşür, beləliklə, dəmiryol xətti Azərbaycan-Gürcüstan istiqamətində sərnişin qatarlarının üzünə açılır.
Bu hadisə quru sərhədimizin Rusiya istiqamətində də açıla biləcəyi ehtimalını doğurub.
Bakıdan Tbilisiyə dəmiryol məsafəsi 600 kilometrə yaxındır. Hazırda birtərəfli biletlərin minimal qiyməti komfort sinfi üzrə 81 manat, komfort+ sinfi üzrə 117 manat, lüks sinfi üzrə 180 manatdır.
Azərbaycanla Rusiya arasında da sərnişin qatarlarının hərəkəti bərpa edilsə, bu istiqamət üzrə biletlərin qiyməti nə qədər ola bilər?
Bakıdan Moskvaya dəmiryol məsafəsi 2450 kilometrdir.
Bakıdan Mineralnıye Vodıya (Minvoda) dəmiryol məsafəsi 1000 kilometrdir.
Bakıdan Mahaçqalaya dəmiryol xəttinin uzunluğu 390 kilometrə, Bakıdan Dərbəndə isə 250 kilometrə yaxındır.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək.
Bakı-Moskva-Bakı marşrutu açılsa, reyslər “Stadler” vaqonları ilə həyata keçirilsə, qiymətlərin necə olacağını ehtimal etmək mümkündür?

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, qeyd olunan məsafələr doğrudur, lakin qiymət formalaşması məsələsinə gəldikdə, hər bir dövlətin öz ərazisindən keçən xətlər üçün müəyyən etdiyi standart tariflər mövcuddur və son qiymət məhz bu meyarlarla hesablanır: “Məsələn, Rusiyanın Moskva, Nijni Novqorod və digər vilayətlərindən Azərbaycana reyslərin təşkilində qiymət tənzimlənməsi birbaşa dövlətlərarası müqavilələrdən və sərnişindaşıma prosesinin spesifik xüsusiyyətlərindən asılıdır.
Dəmiryol daşımalarında qatarın yolboyu sərf etdiyi enerjinin həcmi, eləcə də digər dövlətlərin ərazisindən keçid haqları (infrastrukturdan istifadə haqları) bütövlükdə nəzərə alınır və yekunda vahid bir tarif formalaşdırılır.
Azərbaycan tərəfindən qiymətlərin təyin edilməsinə gəldikdə isə, bu proses regional əməkdaşlıq çərçivəsində tənzimlənir. Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan xətlərə əlavə olaraq, yaxın gələcəkdə Türkiyənin Qars və İstanbul şəhərlərinə də birbaşa qatar biletlərinin satışı planlaşdırılır. Yaxın perspektivdə dəmiryol vasitəsilə bu istiqamətlərə rahat gediş-gəliş təmin olunacaq. Subyektiv və obyektiv amillər bütövlükdə qiymət reallığının anatomiyasını təşkil edir.

Digər tərəfdən, endirimli və ya standart qiymət faktorlarının formalaşmasında nəqliyyat infrastrukturunun mövcud vəziyyəti əsas meyar rolunu oynayır. Hər bir dövlətin sərnişindaşıma infrastrukturunun inkişaf səviyyəsi fərqlidir. Elə ölkələr var ki, orada dəmiryol şəbəkəsi çox güclü inkişaf etdiyindən biletlərin maya dəyəri aşağı düşür və qiymətlər daha güzəştli (endirimlə) təklif olunur. Dəmiryol şəbəkəsi zəif inkişaf edən ölkələrdə isə yeni infrastruktur layihələrinin icrası və əlavə maliyyə resurslarının cəlb edilməsi zərurəti yarandığından, tariflər nisbətən baha olur”.
Nailə Qasımova,
Medianews.az