Medianews.az
Azərbaycanda gündəlik qəzetlər yarıbayarı azalır
28 baxış

Azərbaycanda gündəlik qəzetlər yarıbayarı azalır

2026-cı ildən Azərbaycanda gündəlik qəzetlərin sayı azalacaq.

Medianews.az bildirir ki, hazırda ölkədə 10 gündəlik qəzet çıxır: “Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Bakı xəbər”, “Səs”, “Şərq”, “Novoye vremya”.

“Azərbaycan” qəzeti Milli Məclisin orqanı, “Xalq qəzeti” Prezidentin İşlər İdarəsinin nəşridir.

“İki sahil”in təsisçisi Dövlət Neft Şirkətidir.

“Azərbaycan”, “Xalq qəzeti” və “İki sahil”ə təsisçiləri maliyyə ayırır.

“Yeni Azərbaycan” isə hakim Yeni Azərbaycan Partiyasının orqanı olsa da, maliyyə dəstəyini Medianın İnkişafı Agentliyindən alır.

Medianın İnkişafı Agentliyi “Yeni Azərbaycan”dan başqa daha beş gündəlik qəzetə (“Yeni Müsavat”, “Səs”, “Şərq”, “Bakı xəbər” və “525-ci qəzet”) maliyyə dəstəyi verir, rus dilində çıxan “Novoye vremya”nın isə həftədə bir nömrəsinə vəsait ayırır.

Beləliklə, 10 gündəlik qəzetin hamısı dövlətdən maliyyə dəstəyi görür. Onların 7-nə maliyyə dəstəyi Medianın İnkişafı Agentliyindən gəlir.

Hazırda 6 gündəlik nəşrə (“Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Səs”, “Şərq”, “Bakı xəbər” və “525-ci qəzet”) ayda 15000 manat, onların saytlarına isə 3000 manat ayrılır.

Lakin 2026-cı ildən belə olmayacaq. Agentlik qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərəcək və bu məqsədlə onlara aylıq 5000 manat vəsait ödənəcək. Hər bir qəzetin internet versiyası üçün isə ayda 3000 manat maliyyə yardımı veriləcək.

Baş redaktorların açıqlamalarına əsaslansaq, “Yeni Azərbaycan”ın dövriliyində dəyişiklik nəzərdə tutulmur, “525-ci qəzet” və “Yeni Müsavat” isə 2026-cı ildən həftəlik nəşr olmağa hazırlaşır, “Səs” və “Şərq” qəzetlərinin də oxşar planları olduğu deyilir.

Medianews.az bu məlumatlara söykənərək diqqətə çatdırır ki, 2026-cı ildə ölkədə gündəlik qəzetlər ən yaxşı halda yarıbayarı azalacaq, 10 qəzetdən azı 5-i həftəliyə keçəcək.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun