Çad hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutundan çıxmaq barədə qərar qəbul etdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, rəsmi Ndjamena məhkəməni Afrikaya qarşı qərəzli yanaşmada ittiham edir. Bu barədə Çad Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, 27 iyul 2026-cı il tarixində Çad hökuməti Roma Statutunun depozitari funksiyasını yerinə yetirən BMT-nin Baş katibinə təşkilatdan çıxmaq barədə suveren qərarı rəsmi şəkildə təqdim edib.
Nazirlik bildirir ki, qərar Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin təhlilindən sonra qəbul edilib. Çad hakimiyyəti məhkəmənin fəaliyyətini səmərəsiz hesab edir və onun Afrika ölkələrinə qarşı qərəzli münasibət sərgilədiyini iddia edir.
Rəsmi açıqlamada vurğulanır ki, BCM-in apardığı araşdırmaların böyük əksəriyyəti Afrika ölkələri ilə bağlıdır və bu, məhkəmənin fəaliyyətinin siyasiləşdiyini göstərir.
Beynəlxalq Cinayət Məhkəməsi ağır beynəlxalq cinayətlərlə bağlı işlərə baxan beynəlxalq məhkəmə orqanıdır. Qurum soyqırımı, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər və təcavüz cinayəti kimi əməllərə görə məsul şəxslərin mühakimə olunmasını və zərərçəkənlər üçün ədalətin təmin edilməsini hədəfləyir.//Qaynarinfo