Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1,4-1,7 dəfə artıqdır. Səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır.
Tozlu hava insan səhhətinə necə təsir edir?

Terapevt Günay Lətifova Medianews.az-a bildirib ki, tozlu hava ilk növbədə tənəffüs sistemi xəstəliklərindən (xroniki problemlərdən) və ya kəskin allergiyadan əziyyət çəkən insanlara mənfi təsir göstərir: “Çünki ağaclardakı tozun və ya torpaqdakı çirkli qalıqların havada dövr etməsi allergik reaksiyaları tətikləyir. Belə hallarda həmin şəxslərə havanın daha təmiz olduğu yerlərdə qalmağı, tibbi maskadan istifadə etməyi və özlərini qorumağı tövsiyə edirik. Allergik reaksiya bəzən yüngül görünə bilər, lakin insan allergik şok keçirərsə – bu hətta kiçik bir səbəbdən də baş verə bilər – vəziyyət kəskin şəkildə ağırlaşa və çıxılmaz həddə çata bilər. Buna görə də diqqətli olmaq lazımdır.
Digər şəxslərə gəldikdə, onlar da özlərini göz iltihabından qorumalıdırlar. Tozlu hava şəraitində çirkli hissəciklər havada dövr etdiyi üçün ən çox göz və tənəffüs yollarında problemlərin artmasına səbəb olur”.
Həkim qeyd edib ki, evə gəldikdə ilk növbədə əlləri, daha sonra üzü və gözləri yaxşıca yumaq, tənəffüs yollarını, ən azından burnu təmizləmək lazımdır: “Unutmaq olmaz ki, il 4 fəsildən ibarətdir və hər fəslin öz müsbət və mənfi tərəfləri, müəyyən çətinlikləri var. Orqanizmi hər cür hava şəraitinə – istər yüksək temperatura, istərsə də bu cür tozlu havalara öncədən hazırlamaq lazımdır. İnsanlar öz səhhətlərindəki həssaslıqları bilib ona uyğun tədbir görsələr heç bir problem ortaya çıxmaz.
Lakin vəziyyətin ağırlaşdığı hiss olunarsa, məsələn, kəskin allergik reaksiya, nəfəs darlığı yaranarsa, mütləq həkimə müraciət edilməlidir. Bu, xüsusilə də astma xəstələrinə aiddir. Allergik simptomlar 1-2 saatdan çox davam edərsə, mütəxəssis baxışı vacibdir”.
Nailə Qasımova,
Medianews.az