“Azərbaycan Cənubi Qafqazda Rusiyanın üstünlüyünə faktiki son qoyub”. Medianews.az-ın məlumatına görə, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 26 iyul açıqlamasında belə deyilir. Xidmətin saytında yerləşdirilən açıqlamada Rusiyanın son vaxtlar Azərbaycanın diplomatik etirazı ilə üzləşdiyi xatırladılır, bu, Moskvanın beynəlxalq nüfuzunun daha da zəiflədiyinə misal kimi qeyd edilir.
Açıqlamanın Azərbaycana aid hissəsində Bakının Cənubi Qafqazda Moskvanın dominantlığına son qoyduğu vurğulanandan sonra bunlar xatırladılır: “Rusiya Ukraynanın Mikolayev vilayətində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Bakı buna görə Moskvaya etiraz notası verib. Azərbaycan qətiyyətlə tələb edib ki, hadisə hərtərəfli araşdırılsın, eyni zamanda mülki obyektlərin qorunmasına dair beynəlxalq öhdəliklərə əməl olunsun. Bundan sonra Azərbaycan Prezidenti rəsmən bəyan edib ki, ölkəsi Avropanın neft-qaz bazarında Rusiyanı əvəz etməyə hazırdır. Bu bir daha göstərir ki, Rusiya etibarlı enerji tərəfdaşı və Avropanın aparıcı institutlarının tamhüquqlu üzvü statusunu itirib”.
Ukrayna Xarici Kəşfiyyat Xidməti hesab edir ki, Rusiyanın aqressiv davranışı getdikcə daha çox beynəlxalq tərəfdaşı Moskva ilə əməkdaşlıqdan uzaqlaşdırır: “Dünya Kremllə istənilən gələcək əməkdaşlığın “zəhər saçdığını” anlayır və tədricən Rusiyadan uzaq durmağa çalışır”.
Ukraynanın Mikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi iyulun 5-də dron hücumuna məruz qalıb. İyulun 6-da Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı hücuma kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Görüşdə dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.
Görüşdə həmçinin Kiyevdəki Azərbaycan səfirliyinin və Xarkov şəhərində yerləşən fəxri konsulluğun binalarının zərər gördüyü hava zərbələrinə diqqət yönəldilib, diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı müharibə ölkənin hər yanına aramsız raket, dron, aviasiya zərbələri ilə müşayiət olunur.
Rusiya savaş üzündə ağır sanksiyalara məruz qalıb, son vaxtlar artan cavab zərbələri, xüsusilə neft emalı zavodlarının sıradan çıxarılması isə onun kövrək sosial-iqtisadi həyatını daha da sarsıdıb.
2026-cı il iyulun 21-də Berlinə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib ki, Yaxın Şərqdə böhran (ABŞ-ın və ilk mərhələdə İsrailin İrana fevralın 28-dən arabir dayanan hərbi zərbələri) üzündən neftin ənənəvi təchizat zəncirləri qırılıb, həmçinin Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir. Dövlət başçısı bu hadisələr fonunda Avropa banklarının neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırmalı olduğunu vurğulayıb: “Belə olan halda Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər”./novator.az