Ermənistanda referendum müzakirələri davam edir. Prezident Putinlə Baş nazir Paşinyan arasındakı sonuncu telefon danışığında da bu mövzuya əlahiddə yer ayrılıb. Yeri gəlmişkən, 7 iyun parlament seçkilərindən sonra Nikol Paşinyana Kremldən quruca təbrikin göndərilməməsi də ortaya suallar çıxarır. Ən azı diplomatik etiket naminə salam-əleykdən sonra sözgəlişi, “xala, xətrin qalmasın” seçki qələbəsi münasibətilə təbrik deyilməliydi. Amma doğrudanmı deyilməyib? O qədər də inandırıcı görünmür. Münasibətlər bu dərəcədə qırılma nöqtəsindədirsə, onda Rusiya niyə Ermənistanın çörəyini kəsmir? Erməni südündən, ya əriyindən imtina Ermənistan üçün elə də fəlakətli vəziyyət yaratmır. Ona qalsa, elə iki gün əvvəl İrəvanın mərkəzində parakəndə ticarətlə məşğul olanların 6,5 ton məhsulu müsadirə edildi, qanunsuz satış məntəqələrinə çıxarıldıqları üçün. Deməli, Rusiyanın Ermənistana pomidor-xiyar sanksiyası sadədə görüntü üçündür. Bu, həm Nikol Paşinyana “kömək edin, Rusiya məni boğur”, deyib, əlavə milyonlar qazanmasına təkan verir, həm də 21-ci sanksiyalar paketini “qarşılayan” Kreml özünün “dönük forpostu” ilə “düşmənçilik” görüntüsü fonunda gizli ticarətini Ermənistan üzərindən həyata keçirir. Belə “düşmənçilk” niyə davam etdirilməsin ki?..

Bəli, 2026-cı ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 21,5 faiz azalıb. Rəsmi açıqlamaya görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Ermənistanın xarici ticarətində payı da azalıb. Belə ki, bu göstərici 36,7 faizdən 29,8 faizə düşüb. Bununla yanaşı, Ermənistanın Aİİ-yə üzv digər ölkələrlə ticarət dövriyyəsində artım qeydə alınıb. Belarusla ticarət 8,3 faiz, Qazaxıstanla 10 faiz, Qırğızıstanla isə təxminən 195 faiz artıb. Burada obyektiv və subyektiv amillər var heç şübhəsiz ki...Amma azalma ilə bağlı məlumatların Ermənistan Statistika Komitəsi tərəfindən açıqlanmasını da məqsədsiz saymaq olmaz. Zahirən bu göstərici Moskva-İrəvan münasibərlərindəki “gərginliyi təsdiqləyir”, amma bir az düşünəndə aydın olur ki, bunun özü də görüntünün təsdiqi, dəlil-sübutudur. Yəni, “Avropa İttifaqı, inanmırsansa, rəqəmlərə diqqət elə, biz Rusiya ilə müharibə vəziyyətindəyik!” Yaxşı xatırlayırıq, Rusiya rəhbərliyi Ermənistanla ticarət dövriyyəsinin 10 milyardın üzərində olduğunu deyirdi. Nə baş verdi ki, birdən-birə sürətli azalma oldu? Deməli, ya real ticarət dövriyəsi gizlədilir, hər iki ölkənin maraqları naminə, ya da...İstənilən halda, Nikol Paşinyan hakimiyyəti dövrü həm Robert Köçəryan, həm də , Serj Sərkisyan dövrü ilə müqayisədə Rusiya ilə ticarət dövrüyyəsi qat-qat artıq olubsa, Kreml niyə bu hakimiyyəti istəməsin? Sadəcə, Kreml öz təbəəsini yaxşı tanıdığı üçün gözündən iraqa qoymur və lazım gələndə başına çımxırır, gözlərini ağardır, qarşısındakının “göz yaşlarına inanmır”.
Yuxarıda referendumdan bəhs edirdik, qayıdaq bu məsələyə...Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı sonuncu telefon danışığı ilə bağlı növbəti rəsmi açıqlama yayılıb. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon söhbətində Ermənistanın Aİ-yə daxil olması və ya Aİİ-də qalması ilə bağlı referendumun dəqiq müddəti qeyd olunmayıb. “Xeyr, dəqiq müddət qeyd olunmayıb, lakin buna baxmayaraq, belə bir referendumun tezliklə keçirilməsinin vacibliyi vurğulanıb. Bu, çox vacibdir”, — Peskov jurnalistlərin Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendumun dəqiq vaxtı barədə sualına cavab verərkən deyib.
Yayılan xəbərlərdə deyilir ki, bazar ertəsi Putin Ermənistan tərəfinin təşəbbüsü ilə Paşinyanla telefon danışığı aparıb. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Nikol Paşinyan Vladimir Putinlə telefon söhbətində Avropa İttifaqına rəsmi müraciətdən sonra Aİ-yə daxil olmaqla bağlı referendumun keçirilməsini ehtimal edib.
Maraqlısı budur ki, Kreml özünün “qədim” forpostunun qarşısına israrla “referndum keçir” tapşırığı qoyur. Görün Ermənistan nə gündə, nə kökdədir, Paşinyanı hansı statusda görürlər ki, onun qarşısına belə tələb qoyurlar. Paşinyanın da ən “kəskin” cavabı bundan ibarət olur ki, Avropa İttifaqına (Aİ) üzvlük məsələsi üzrə referendumun keçirilməsi praktiki olaraq yalnız Ermənistan tərəfindən Aİ-yə üzvlük üçün rəsmi müraciət edildikdən və mövzu konkretləşdikdən sonra mümkündür. Yəni bununla demək istəyir ki, mən hələ Aİ-yə getməyi ağlımın ucundan da keçirtmirəm. Əks təqdirdə, KTMT-dən, Avrasiya İqtisadi İttifaqından rəsmən çıxdığını elan edərdi. Etmir, çünki qorxur. Həm də anlayır ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının qarşısında 209 nəfərlik Avropa İttifaqının yarımhərbi missiyası heç nə edə bilməz. Üstəlik, Avropa İttifaqının Rusiyaya alternativ bazar təşkil edəcəyinə də inamı yoxdur. Belə olduğu halda, referendumun “r”sını belə, yaxın buraxmır.

Amma bu məsələnin bizim üçün maraqlı tərəfi var: Azərbaycan Ermənistandan referendum gözləyir, özü də İrəvanın Avropa İttifaqının üzv olub-olmayacağının bizə zərrə qədər də dəxli yoxdur, biz Ermənistan Konstitusiyasındakı anti-Azərbaycan müddəaların çıxarılmasını gözləyirik! Azərbaycanın dövlət başçısı dəfələrlə xəbərdar edib: Ermənistan Konstitusiyasından və normativ hüquqi aktlardan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayınca, imzalanacaq sülh sazişinin zərrə qədər mənası, əhəmiyyəti olmayacaq!!! Nikol Paşinyan 2027-ci ildə referendum keçiriləcəyini dəfərlələ bildirsə də, hələlik Azərbaycana qarşı ərazi iddiaları ilə “Real Ermənistan” qurmağın mümkün olmadığını xalqına açıq deməyib. Bu ziddiyyət ortadan qaldırılmalıdır! Əgər Paşinyan hakimiyyəti paraflanmış sülh sənədinin imzalanmasını istəyirsə, Bakının tapşırıqlarına maksimum tez əməl etməlidir! Ona görə də referendum lazımdır, Nikol Paşinyan, lazımdır! Sizə lazım olmaya bilər, amma bizə çox lazımdır! Xalq səsverməsinə Avropa, yoxsa Avrasiya İttifaqı seçimi milə bağlı sual qoyub-qoymayacağınız öz işinizdir, amma bizə birbaşa aid olan məsələyə aydınlıq gətirməlisiniz: birdəfəlik bilək, taxıl yolu açdığımız, yanacaq göndərdiyimiz ölkə yenə də Azərbaycana – həmçinin Türkiyəyə - qarşı ərazi iddialarını davam etdirəcəklərmi, fürsət yaranan kimi? İndiki halda bu iddia davam edir, sözdə olmasa da, ölkənin əsas qanunu ilə...Belə olmaz! Yolverilməzdir! Üstəlik, bu ölkə hələ də Azərbaycanın əsas hissəsindən Naxçıvan bölgəsinə yol verməyib...
Elşad PAŞASOY