Son dövrlərdə Azərbaycanda dəm qazından zəhərlənmə halları və ölüm faktları artmaqdadır. Xüsusilə soyuq aylarda fərdi evlərdə qazla işləyən isitmə cihazlarından düzgün istifadə olunmaması ciddi risklər yaradır. Havalandırma sistemlərinin nasazlığı və təhlükəsizlik qaydalarına əməl edilməməsi bu hadisələrin əsas səbəbləri kimi göstərilir. Dəm qazının görünməz və qoxusuz olması təhlükəni vaxtında aşkar etməyi çətinləşdirir. Dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün dövlət qurumları və vətəndaşlar hansı konkret profilaktik tədbirləri həyata keçirməlidirlər?

Məsələ ilə bağlı Medianews.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev bildirib ki, xüsusilə fərdi evlərdə, qazla işləyən isitmə sistemləri olan mənzillərdə karbon monoksid detektorlarının quraşdırılması ilə bağlı tələblər normativ aktlarla dəqiqləşdirilməli və gələcəkdə yeni tikililərin layihələndirmə mərhələsində bu məsələyə ciddi nəzarət olunmalıdır.
Onun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mövcud nəzarət tədbirləri gücləndirilməli, illik texniki baxış sistemi və sertifikatlı yoxlamalar qaz qazanları, kombilər və su qızdırıcıları üçün tətbiq edilməlidir.
Ekspert vurğulayıb ki, tüstü bacalarının təmizlənməsi və sənədləşdirilməsi məcburi olmalı, qanunvericilikdə cərimə və inzibati məsuliyyət mexanizmləri genişləndirilməli, həmçinin qanunsuz qaz qoşulmaları və bacasız su qızdırıcıları kimi hallara qarşı ciddi tədbirlər görülməlidir.
Bundan əlavə, Samir Nəbiyev kütləvi maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edərək bildirib ki, qış mövsümü başlamazdan əvvəl KİV-də məlumat xarakterli video roliklər, o cümlədən də abonentlərə sms bildirişlər yönləndirilməli, həmçinin məktəblərdə və icmalarda da isitmə sistemləri ilə bağlı təhlükəsizlik təlimləri həyata keçirilməlidir.
Oğuz Ayvaz
Medianews.az