Medianews.az
Vensin səfəri:
198 baxış

Vensin səfəri: kim nə qazandı?

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfəri region ölkələri üçün eyni nəticələr yaratmadı. Hər ölkə bu səfərdən fərqli formatda və fərqli dərinlikdə qazanc əldə etdi.

Görünən odur ki, Ermənistan səfərdən daha çox konkret layihə yönümlü, qısamüddətli nəticələrlə çıxdı.

Nüvə enerjisi üzrə əməkdaşlıq gündəmi, modul tipli atom elektrik stansiyası üzrə aparılan danışıqlar, eləcə də NVIDIA ilə əvvəlcədən razılaşdırılmış AI və data mərkəzi layihələri üçün enerji probleminin siyasi təminatı Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqla yanaşı, texnoloji platforma kimi də önə çəkə bilər.

Bu model qısa müddətdə Ermənistanda Aİ üçün hesablama və data infrastrukturu baxımından üstünlük yaratsa da, Ermənistanı texnologiya və enerji baxımından ABŞ-a daha dərin asılılıq mərhələsinə daxil edir.

Yəni ABŞ, NVİDİA daha çox öz məqsədləri üçün bu infrastrukturdan istifadəyə üstünlük verəcək.

Azərbaycan isə bu səfərdən daha az səs-küylü, amma düşünürəm ki, strateji baxımdan daha güclü nəticələrlə çıxdı.

Prezident İlham Əliyev və Cey Di Vens arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasında suverenlik və ərazi bütövlüyünə açıq siyasi dəstək, Orta Dəhliz və Trans-Xəzər bağlantıları, enerji təhlükəsizliyi, AI və rəqəmsal infrastruktur üzrə institusional tərəfdaşlıq çərçivəsi ABŞ-nin regionda əsas dayağı kimi məhz Azərbaycanı gördüyünü göstərir.

Burada söhbət ayrı-ayrı layihələrdən yox, regional sistemin, infrastrukturun və arxitekturanın qurulmasından gedir.

Nəzərə alsaq ki, cəmi bir gün öncə Prezident İlham Əliyevin ABŞ-nin 30-dək aparıcı şirkətinin (“Apple”, “Meta”, “Visa”, “Mastercard”, “Boeing”, “Honeywell”, “ExxonMobil”, “bp”, “Shell” və s.) rəhbərləri ilə görüşü də baş tutub. Düşünmək olar ki, bunlar təsadüfi deyil. Bu, ABŞ biznesinin Azərbaycanı artıq təkcə enerji ölkəsi yox, AI, data, maliyyə texnologiyaları və regional idarəetmə mərkəzi kimi dəyərləndirdiyini göstərir.

Düşünürəm ki, Ermənistanın texnoloji vitrinini addım-addım gücləndirməsi, NVİDİA-nın dəstəyilə superkompüter sahəsində qlobal mərkəzə çevrilmək istiqamətindəki addımları diqqətlə izlənilməlidir.

Azərbaycanın milli maraqları üçün risklər yalnız ondan ibrət deyil ki, bu ölkə regionda psixoloji və informasiya üstünlüyü qazana bilər, həm də əsas odur ki, texnologiyalar əsasında qısa müddətdə büdcəsini artıran məğlub ölkədə siyasi ritorika və revanşist illüziyalar da güclənə bilər.

Yekun olaraq qeyd etmək olar və hələlik görünən də odur ki, Ermənistan layihə qazanıb, Azərbaycan isə mövqe, regional strateji tərəfdaş statusunu qazanıb.

Bu mövqeni real üstünlüyə çevirmək üçün Azərbaycan bütün sahələrdə real addımlar atmalıdır, AI strategiyasını təkmilləşdirməli və daha sürətlə icraya keçirməli, data və superkompüter mərkəzlərinin gücləri artırılmalı və fəaliyyətinə start verməli, ölkədə münbit biznes mühiti, xüsusilə də qlobal texnoloji şirkətlər üçün açıq və çevik innovasiya mühiti formalaşdırmalıdır.

Xəzərin dibi ilə Mərkəzi Asiyaya istiqamətlənən Trans-Xəzər fiber-optik xətti və onun üzərində qurulacaq data mərkəzlərdən istifadəyə qlobal şirkətlər cəlb edilərsə və AI infrastrukturu vahid platforma kimi idarə olunsa, Azərbaycanın regiondakı mövqeyi daha da güclənəcək.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun