Medianews.az
Havalı hay-həşir -
132 baxış

Havalı hay-həşir - Proqnoz necə yayılmalıdır?

Azərbaycanda hava proqnozları ictimaiyyətə bəzən ifrat həyəcanla açıqlanır. Bu hal özünü xüsusən qışda - havanın kəskinləşməsi ərəfəsində göstərir. Rəsmi hidrometeorologiya qurumunun məlumatı ilə yanaşı fövqəladə hallar, yol polisi qurumları xəbərdarlıqlar yayır, media da bunu qorxunc başlıqlarla təqdim edir, sanki dünyanın axırı gəlir.

Hava proqnozları necə yayılmalıdır?

Medianews.az-a danışan Bakı Dövlət Universitetinin professoru, media mütəxəssisi Qulu Məhərrəmli deyir ki, hava məlumatlarının xüsusi bir təqdimat forması yoxdur: “Söhbət ənənəvi bir təqdimatdan gedir. Gündəlik, həftəlik hava proqnozları verilir, həftə sonları üçün ayrıca proqnozlar təqdim olunur. Bunlar normaldır. İndiki kommunikasiya şəraitində gündəlik hava məlumatları mütəmadi yenilənir.

Bəli, hava şəraitinin pisləşməsinin meteohəssas şəxslərin səhhətində problem yaratması ehtimalı olduqda hidrometeorologiya qurumu bunu xüsusi çatdıra bilər. Xəbərdarlıqların həddindən artıq şişirdilməsi isə proqnoz verənlərin günahı deyil”.

Q.Məhərrəmli qeyd edir ki, aidiyyəti qurumların - Milli Hidrometeorologiya Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, daxili işlər orqanlarının bəzən hava haqqında məlumatları bir qədər də konkretləşdirməsi əslində yaxşı məqsədə - əhalini xəbərdar etməyə yönəlib: “Bəzən hava şəraiti ilə bağlı davranış təlimatları da təqdim olunur. Bunun özlüyündə pis bir tərəfi yoxdur. Amma bu cür təqdimatların şişirdilməsi, mediada həyəcan, qorxu və vahiməli formada çatdırılması doğru deyil. Ona görə də media, xüsusilə televiziyalar məsələyə diqqətlə yanaşmalıdır.

Mən bir vətəndaş kimi havanın kəskinləşəcəyini, qar yağacağını, çovğun olacağını bildirən xəbərləri normal qəbul edirəm. Amma söz yox ki, insanlarda qorxu və vahimə yaradılmasının əleyhinəyəm. Bu cür məlumatlar sakit, təşviş yaratmadan təqdim olunmalıdır”.

Sosioloq Elçin Bayramlı Medianews.az-a deyir ki, hava proqnozlarının hay-həşirlə təqdim olunması birbaşa medianın günahıdır: “Hidrometeoroloji Proqnozlar Bürosu hava haqqında məlumatı normal tonda yayır. Amma hərdən kütləvi informasiya vasitələri onu elə təqdim edir ki, sanki görünməmiş bir hadisə baş verəcək. Oxucu, tamaşaçı, dinləyici sayını artırmaq xətrinə media bəzən şou üslubunu seçir. Əslində belə yerdə dırnaqarası media desək, daha doğru olar. Çünki ciddi media belə etmir. Hay-həşirə onlayn media platformalarında daha çox rast gəlinir. Bu da xüsusilə meteohəssas insanlara, həmçinin xəstə, yaşlı adamlara pis təsir göstərir”.

Sosioloqun sözlərinə görə, adi hadisələri qorxulu bir şey kimi təqdim etmək cəmiyyətə psixoloji təzyiqdir: “Buna son qoyulmalıdır. Şişirdilmiş xəbərlər proqnozu təqdim edən qurumlara etimadı da sarsıda bilər. Bu, jurnalistika deyil, başqa şeydir. İnsanların qorxudulmasına, aldadılmasına qarşı hansısa formada məhdudiyyət tətbiq olunmalıdır. Söhbət təkcə hava proqnozlarından getmir, başqa sahələrə aid xəbərlərin də təhrif olunmuş, şişirdilmiş, vahiməli bir tərzə salınmış formalarına rast gəlmək mümkündür”.

E.Bayramlı hesab edir ki, Azərbaycanda media öz klassik xüsusiyyətlərini demək olar itirib: “Media əsasən kommersiya, bazar, şou mərkəzinə çevrilib. Bu, jurnalistikaya inamı sarısıdır, kütləvi informasiya vasitələrinin qeyri-ciddi bir platforma olması düşüncəsini yaradır. Artıq sabah onların doğru xəbərlərinə də inamayacaqlar. Maraqlı xəbərlər, səviyyəli məqalələr hazırla bilməyənlərin ucuz şoudan yapışması medianın nüfuzuna ciddi xələl gətirir. Xəbər cəmiyyətə olduğu kimi təqdim edilməli, şişirdilməməli, vahimə yaratmamlıdır. Bunu edənlər isə cəzalandırılmalıdır”.

Medianews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya və nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosuna da müraciət edib.

Hər iki instansiyadan sayta bildirilib ki, hava haqqında məlumatlar və hava şəraiti ilə bağlı xəbərdarlıqlar ictimaiyyətə elmi araşdırmalara, hərtərəfli tədqiqatlara əsaslanmaqla təqdim olunur: “Bəzən bu məlumat və xəbərdarlıqların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə qorxunc başlıqlarla təqdim edilməsinə isə media mütəxəssislərinin münasibət bildirməsi daha düzgün olardı. Rəsmi instansiya öz məlumatlarının kənar mənbələrdə təqdimatına görə məsuliyyət daşımır”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun