Medianews.az
Naxçıvanın muxtariyyəti ləğv olunsunmu? -
186 baxış

Naxçıvanın muxtariyyəti ləğv olunsunmu? - Deputatlar

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər rəsmiləşir. Yeniliklərin biri konstitusiyadan Moskva və Qars müqavilələrinə istinadların çıxarılmasıdır.

Əsası 1923-cü ildə qoyulmuş Naxçıvan muxtariyyəti həm də beynəlxalq müqavilələrlə müəyyən olunub: Rusiya ilə Türkiyə arasında Moskva müqaviləsi (16 mart 1921-ci il) və Türkiyə ilə Azərbaycan, Ermənistan, Gürcüstan arasında Qars müqaviləsi (13 oktyabr 1921-ci il).

Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edib. Bu zaman Azərbaycanın həmin himayəni heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti qoyulub.

Qars müqaviləsinə görə, Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlib.

Moskva və Qars müqavilələrinə istinadların çıxarılmasından sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında muxtariyyətin əsasları belə forma alır: “Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir”.

Naxçıvan bölgəsinin muxtar respublika statusunun ləğv olunması ilə bağlı zaman-zaman müxtəlif təkliflər irəli sürülüb, polemikalar aparılıb. Bu polemikalarda bəzən belə fikirlər də səslənib ki, Naxçıvan muxtariyyətinin həm də beynəlxalq müqavilələrlə müəyyən olunması əslində Azərbaycan Respublikasının bu muxtariyyəti ləğv etmək hüququnu məhdudlaşdırır.

Moskva və Qars müqavilələri doğrudanmı Naxçıvanın muxtariyyətinin ləğvinə maneə idi? Əgər belədirsə, Moskva və Qars müqavilələri yenə də, yəni bölgə konstitusiyasından bu müqavilələrə istinadlar çıxarılandan sonra da Naxçıvanın muxtariyyətinin ləğvinə maneə sayıla bilərmi?

Muxtariyyətin ləğvi və ya indiki statusun hansısa formada dəyişdirilməsi mümkündürmü?

Medianews.az-a danışan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafa deyib ki, Naxçıvan Konstitusiyasına dəyişikliklər muxtariyyətin ləğvinə yönəlməyib: “Ona görə indidən bu mövzuda danışmaq da doğru deyil. Qars və Moskva müqavilələrində Naxçıvanın idarəetmə forması, statusu o dövrün şərtlərinə uyğun müəyyən edilib. Lakin çağdaş Azərbaycan Konstitusiyası Naxçıvan bölgəsini muxtar respublika kimi tanıdığına, bu status qüvvədə qaldığına görə Qars və Moskva müqavilələrinin muxtar respublikanın konstitusiyasında bu kontekstdə xatırlanmasına ehtiyac yoxdur. Azərbaycanın Naxçıvanla bağlı mübahisələndirilən hər hansı məsələsi mövcud deyil. Azərbaycan bu ərazi ilə birlikdə BMT-də təmsil olunur və dünya dövlətləri, eləcə də qonşu ölkələr Azərbaycan Respublikasını bu sərhədlər, hüdudlar daxilində tanıyır”.

2022-ci il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyinin təsis olunduğunu yada salan F.Mustafa qeyd edib ki, bu nümayəndəliyin bölgədəki statusunun müəyyən mənada rəsmiləşdirilməsinə ehtiyac var: “Naxçıvan Konstitusiyasına təklif olunan dəyişikliklər ilk növbədə buna yönəlib, muxtar respublikada səlahiyyət bölgüsünün daha dəqiq tənzimlənməsi məqsədi daşıyır”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev Medianews.az-a bildirib ki, Naxçıvan Konstitusiyasına dəyişikliklər natamamdır, ölkənin ana qanununun fundamental əsasları ilə ziddiyyət təşkil edir: “Naxçıvan Ali Məclisinin sədrində icra səlahiyyətləri yenə qalır. Ona görə də mən Milli Məclisdə səsvermə zamanı bu dəyişikliklər üzrə qanunun əleyhinə səs vermişəm.

Hesab edirəm ki, ümumiyyətlə Naxçıvanda muxtariyyət ləğv olunmalıdır. Xüsusilə torpaqlarımızın işğalını aradan qaldırıb bütün ərazilərimizdə dövlət suverenliyimizi bərpa edəndən sonra ölkədə hər hansı muxtariyyətə ehtiyac yoxdur. Ona görə də Naxçıvanda muxtariyyətin ləğv edilməsi, Azərbaycanın 15 regiona bölünməsi, həmin regionlardan birinin də Naxçıvan olması təşəbbüsü ilə çıxış etmişəm.

Haqqında danışdığım 15 regionun hər birinin öz məclisi olmalı, regional icra hakimiyyətinin başçısı da həmin məclisdə seçilməlidir. Yəni yerli idarəetmə seçkilər yolu ilə formalaşmalıdır. Hər bir regionda ölkə Prezidentinin səlahiyyətli nümayəndəsi olmalıdır ki, konstitusiya normalarının və qanunların icrasına nəzarət etsinlər”.

Q.Həsənquliyev vurğulayıb ki, ümumən ölkədə dövlət idarəetməsində ciddi islahatlara ehtiyac var: “Ölkədə konstitusiya islahatları keçirilməlidir. İnzibati-ərazi bölgü dəyişdirilməlidir. Bu həm də məmurların sayının azalmasına, bürokratik aparatın xeyli kiçilməsinə gətirib çıxaracaq. Xalq qarşısında məsuliyyət daşıyan, birbaşa yerli əhalinin iradəsi ilə seçilən icra hakimiyyəti formalaşmalıdır. Hər bir yaşayış məntəqəsinin özünün bələdiyyəsi olmalıdır. Bu cür köklü və fundamental islahatların həyata keçirilməməsi, indiki ifrat mərkəzləşdirilmiş dövlət idarəetməsinin saxlanması ölkənin inkişafına, xüsusilə də regionların inkişafına çox mənfi təsir göstərir”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.

Bizə qoşulun