Medianews.az
Ekran arxasında tələ:
120 baxış

Ekran arxasında tələ: Əyləncə necə asılılığa çevrilir?

Müasir kompüter oyunları artıq sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda istifadəçinin diqqətini uzun müddət saxlamaq üçün hazırlanmış mürəkkəb psixoloji mexanizmlərə əsaslanır. Xüsusilə gənc oyunçular üçün nəzərdə tutulan bu sistemlərdə daimi mükafatlar, nailiyyətlər, səviyyə artımı və sosial təsdiq elementləri ön plana çıxır. Gənclərin psixologiyasına təsir edən bu oyunlar zamanla asılılığa çevrilir.

Maraqlıdır, virtual oyunlar hansı mərhələdən sonra sadə əyləncədən psixoloji asılılığa çevrilir? Oyun asılılığının ilkin xəbərdaredici əlamətləri hansılardır?  Oyuna pul xərcləmək niyə psixoloji bağlılığı daha da gücləndirir?  Bu cür mexanizmlər uşaqlarda səbr, diqqət və emosional tənzimləmə bacarıqlarına necə təsir edir? Valideynlər oyunların bu cür təsirlərini necə vaxtında fərq edə bilərlər? Oyun vaxtına sağlam limit qoymaq üçün hansı psixoloji üsullar daha effektivdir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Amerika Psixoloqlar Assosiasiyasının üzvü, psixoloq Şirin Məmmədli bildirib ki, müasir kompüter oyunları doğrudan da sadəcə vaxt keçirmək üçün deyil, insanın diqqətini uzun müddət saxlamaq və onu oyuna bağlamaq üzərində qurulub. Psixoloqun sözlərinə görə, bu səbəbdən oyun asılılığı tədricən və çox vaxt fərq edilmədən formalaşır: “Oyun asılılığının ilkin əlamətləri adətən davranış və emosional dəyişikliklərlə özünü göstərir. Uşaq və ya yeniyetmə oyuna girmək üçün səbirsizlənir, oyundan ayrılmaq istəmir, vaxt məhdudiyyəti qoyulduqda aqressiv və ya əsəbi reaksiya verir. Günlük rejim pozulur, yuxu gecikir, dərs və ya iş məsuliyyətləri arxa plana keçir. Ən problemlisi isə real həyatda əvvəl maraq göstərdiyi fəaliyyətlərdən uzaqlaşır.

Valideynlər və müəllimlər asılılığı əsasən davranışdakı dəyişikliklərdən anlaya bilərlər. Sosial təmasların azalması, ailə ilə ünsiyyətdən qaçma, davamlı yorğunluq, diqqət dağınıqlığı, dərslərdə geriləmə və emosional dalğalanmalar risk siqnallarıdır. Uşaq oyunu gizlətməyə başlayırsa, oynadığı vaxt barədə yalan danışırsa, bu artıq problemin dərinləşdiyini göstərə bilər”.

Ş.Məmmədli vurğulayır ki, virtual oyun asılılığından qurtulmaq üçün əsas yanaşma qadağa yox, balansdır: “Oyun tamamilə yasaqlananda bu, əks reaksiya və daha güclü istək yarada bilər. Vacib olan ekran vaxtının mərhələli şəkildə tənzimlənməsi, alternativ maraqların yaradılmasıdır. İdman, sosial fəaliyyətlər, ailə ilə keyfiyyətli vaxt, uşağın real həyatda da “uğur və qəbul” hissi yaşaması çox önəmlidir. Eyni zamanda valideynin özü də nümunə olmalıdır, telefon və ekran istifadəsində sərhədlər uşağa sözlə yox, nümunəvi davranışla öyrədilməlidir.

Əgər oyun gündəlik həyatı ciddi şəkildə pozursa, emosional problemlər və ya aqressiya müşahidə olunursa, psixoloq dəstəyi vacibdir. Bəzən oyun asılılığı sadəcə problem deyil, daxili boşluğun, stressin və ya emosional ehtiyacın kompensasiyası kimi təzahür edir. Bu ehtiyaclar düzgün şəkildə qarşılandıqda, oyun öz yerinə, yəni əyləncə səviyyəsinə dönə bilir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun