Azərbaycanda geniş istifadə olunan yüksək dozalı C vitamini preparatlarından biri olan “Pascorbin 7.5 g/50” ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik gözlənilir.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, “Pascorbin”in ölkədə qeydiyyat müddəti 21.05.2026-cı il tarixində başa çatdığı üçün yeni qeydiyyat (yenilənmə) prosesi aparılır və hazırda bu proses davam edir. Bu səbəbdən yaxın dövrdə preparatın yeni partiyasının idxalı müvəqqəti olaraq mümkün olmayacaq.
Mütəxəssislərin bildirdiyinə görə, mövcud ehtiyatların tədricən azalması fonunda bu preparatın 2026-cı ilin iyun ayından etibarən apteklərdə satışda tapılmayacağı gözlənilir. Preparatın yenidən satışa çıxarılmasının isə təxminən 2026-cı ilin oktyabr ayına təsadüf edəcəyi proqnozlaşdırılır.
“Pascorbin 7.5 g/50ml” hansı hallarda istifadə olunur?
Mütəxəssislərin sözlərinə görə, yüksək dozalı C vitamini preparatları aşağıdakı hallarda yalnız həkim nəzarəti ilə tətbiq olunur:
- Onkoloji xəstələrdə (kimyaterapiya alan və almayan pasiyentlərdə) dəstək məqsədilə;
- İmmunitet zəifliyi olan şəxslərdə;
- İnfeksion və virus xəstəliklərində, dəstəkləyici müalicə kimi;
- Vərəm (tuberkulyoz) xəstələrində, əsas müalicə protokolu ilə yanaşı dəstəkləyici məqsədlə;
- Bərpa və reabilitasiya dövründə
COVİD-19 pandemiyası dövründə də yüksək dozalı C vitamini preparatları bir çox ölkədə və klinik praktikada dəstəkləyici müalicə yanaşmaları çərçivəsində istifadə olunub.
Bir çox pasiyent bu preparatı həmin dövrdən etibarən daha yaxşı tanıyıb və onu immunitet dəstəyi ilə əlaqələndirib. Bu da preparata olan marağın və istifadə sahəsinin genişlənməsinə səbəb olub.
Mütəxəssislər vurğulayır ki, bu tip müalicələri planlaşdıran şəxslər üçün vaxt faktoru mühüm rol oynayır.
Əgər yüksək dozalı C vitamini ilə müalicə nəzərdə tutulubsa, bunu təxirə salmamaq və əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğundur.
Vacib xəbərdarlıq
Bu preparat:
- yalnız həkim nəzarəti ilə
- fərdi tibbi qiymətləndirmə əsasında istifadə olunmalıdır.
Özbaşına istifadə tövsiyə edilmir.
Yüksək dozalı C vitamini preparatlarının ölkədə müvəqqəti əlçatanlıq məhdudiyyəti ilə əlaqədar olaraq, müalicəni planlaşdıran xəstələrin bu faktoru nəzərə alması və qərarlarını vaxtında verməsi tövsiyə olunur.