Medianews.az
Azərbaycanda ailə institutu çökür? –
139 baxış

Azərbaycanda ailə institutu çökür? – Boşanmalar təhlükəli həddə çatdı

Son vaxtlar boşanma halları cəmiyyətdə ən çox müzakirə olunan sosial problemlərdən birinə çevrilib. Ailə münasibətlərində yaranan maddi çətinliklər, xəyanət, qarşılıqlı anlaşılmazlıq, psixoloji gərginlik və sosial şəbəkələrin təsiri boşanmaların əsas səbəbləri sırasında göstərilir. Mütəxəssislər hesab edir ki, ailədaxili ünsiyyətin zəifləməsi və məsuliyyət bölgüsündə yaranan problemlər münasibətlərin dağılmasına ciddi təsir edir. Hazırda boşanmaların ən çox rast gəlinən əsas səbəbi nədir? Boşanmaların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Bu barədə Medianews.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, son 10 ildə ailə institutunda müşahidə olunan problemlər daha da dərinləşib.

Onun sözlərinə görə, qlobal tendensiyalar, müasir həyat tərzinin və fərdiyyətçiliyin geniş təbliği milli ailə modelinə ciddi təsir göstərir. Bu dəyişikliklər statistik göstəricilərdə də açıq şəkildə özünü büruzə verir.

“Son illərdə boşanmaların sayı sürətlə artır və artıq evliliklərin sayına nisbətdə təhlükəli həddə yaxınlaşır. Bununla yanaşı, nikahların sayında da ciddi azalma müşahidə olunur. Ailələrdə çoxuşaqlı model tədricən zəifləyir, gənc ailələr əsasən bir və ya ən yaxşı halda iki uşaqla kifayətlənirlər. Bu isə uzunmüddətli perspektivdə demoqrafik tarazlığa təsir göstərən əsas amillərdən biri hesab olunur. Bir vaxtlar dünyada ən güclü və nümunəvi ailə modellərindən biri Azərbaycan ailəsi hesab olunurdu. Təəssüf ki, son illərdə bu modeli əvvəlki kimi qoruyub saxlamaq getdikcə çətinləşir.”

E.Bayramlının fikrincə, problemin əsas səbəblərindən biri mənəvi dəyərlərdə baş verən dəyişikliklərdir:

“Milli adət-ənənələrdən uzaqlaşma, ailə dəyərlərinin arxa plana keçməsi və fərdi həyat tərzinin ön plana çıxması gənclərin psixologiyasına təsir edir. İnsanlar daha çox şəxsi rahatlıq və sərbəst həyat barədə düşünür, ailə məsuliyyətini isə ikinci plana keçirirlər. Digər mühüm səbəb isə sosial-iqtisadi amillərlə bağlıdır. Mənzil probleminin çətinliyi, işsizlik, gəlirlərin yetərli olmaması bir çox gəncin ailə qurmasını gecikdirir”.

Sosioloq əlavə edib ki, bu tendensiyalar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur. Lakin belə vəziyyət əhalinin yenilənmə səviyyəsinin aşağı düşməsinə, demoqrafik balansın pozulmasına və gələcəkdə sosial problemlərin yaranmasına səbəb ola bilər.

“Vəziyyətdən çıxış yolu kimi həm milli-mənəvi dəyərlərin təbliği gücləndirilməli, həm də gənclər üçün sosial dəstək mexanizmləri genişləndirilməlidir. Gənclərin güzəştli şərtlərlə mənzillə təmin olunması, məşğulluq imkanlarının artırılması və ailə institutunun cəmiyyətdə nüfuzunun qorunması istiqamətində ardıcıl addımlar atılmalıdır. Bu istiqamətdə sistemli tədbirlər görülərsə, milli ailə modelinin qorunması və mövcud mənfi tendensiyaların qarşısının alınması mümkün ola bilər”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun