Nigeriya Peşəkar Futbol Liqasında keçirilən Katsina United – Barau FC qarşılaşması zamanı dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, 1:1 hesablı bərabərlik qolundan sonra azarkeşlər meydana daxil olaraq Barau FC-nin qanalı yarımmüdafiəçisi Nana Kvame Abrahamın boğazını kəsiblər.
Hadisə 70-ci dəqiqədə Katsina United-in futbolçusu Orji Kalunun bərabərlik qolundan sonra yaşanıb. Qolun ardından bəzi ev sahibi azarkeşlər qəzəblənərək meydana hücum ediblər. Meydanda yaranan xaos zamanı təhlükəsizlik qüvvələri müdaxilə etsə də, 23 yaşlı Qanalı futbolçu ağır yaralanıb.
Nana Kvame Abraham dərhal xəstəxanaya aparılıb və hazırda vəziyyətinin ağır olduğu bildirilir. Hadisə səbəbindən matç müvəqqəti olaraq dayandırılıb.
Yerli medianın məlumatına görə, Barau FC klubunun rəsmi hesabında hadisə ilə bağlı paylaşım edilib və oyunçunun vəziyyəti ilə bağlı ictimaiyyətə məlumat verilib.
Bu hadisə Nigeriya futbolunda son dövrlərdə artan zorakılıq hallarının davamı kimi qiymətləndirilir. Qeyd edək ki, bir neçə həftə öncə Kano Pillars azarkeşləri də hakimə hücum edərək ölkədə geniş rezonansa səbəb olmuşdular. Son baş verən hadisə Nigeriya Futbol Federasiyasını stadion təhlükəsizliyi və azarkeş davranışları ilə bağlı əlavə tədbirlər görməyə məcbur edib.
Medianews.az