UEFA Konfrans Liqasında baş verən insidentlə bağlı Ukraynanın “Şaxtyor Donetsk” klubunu və komandanın məşqçisi Arda Turanı cəzalandırıb.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, insident “Şaxtyor Donetsk”in Niderlandın “AZ Alkmaar” komandası ilə keçirdiyi Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda qeydə alınıb.
Matç 3:0 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatıb.
Görüşün 5-ci dəqiqəsində “Şaxtyor”un futbolçusu İsake rəqib futbolçu ilə toqquşmadan sonra başından zədə alıb. Tibbi yardım göstərildikdən sonra oyuna davam edən futbolçu 24-cü dəqiqədə vəziyyətinin pisləşməsi səbəbindən meydanı tərk edib.
UEFA-nın qərarına əsasən, “Şaxtyor Donetsk” və Arda Turan “oyunçunun ciddi zədələnməsi zamanı beyin silkələnməsi protokoluna əməl edilməməsi” səbəbindən cərimələnib.
Klub 10 min avro, Arda Turan isə 20 min avro məbləğində cərimə ödəyəcək. Bundan əlavə, “Şaxtyor Donetsk” heyət üçün beyin silkələnməsi ilə bağlı xüsusi təlimlərin keçirilməsinə məcbur edilib.
UEFA həmçinin klubu “idman tədbirlərində qeyri-etik mesajlardan istifadə” ittihamı ilə əlavə 20 min avro cərimələyib.