"Rəsmi Tehran ABŞ-nin Maliyyə Nazirliyinin İran neftinin satışına qoyulan sanksiyaların müvəqqəti dayandırılmasını ləğv etmək qərarını sərt şəkildə pisləyir".
Bununla bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəsmi bəyanat yayıb.
"İslamabad memorandumunun imzalanmasından 20 gündən az vaxt keçdiyi bir şəraitdə iyunun 21-də verilmiş ümumi lisenziyanın ləğv edilməsi ABŞ-nin hakim dairələrinin qeyri-səmimiliyinin, qeyri-ardıcıllığının və etibarsızlığının daha bir sübutudur. Bu hadisə həm də ona görə diqqət çəkir ki, son 20 gün ərzində ABŞ birbaşa və ya İsrailin Livana qarşı hərəkətləri vasitəsilə dolayısı ilə sözügedən memorandumun müxtəlif bəndlərini dəfələrlə həm kiçik, həm də ciddi şəkildə pozub", - deyə açıqlamada qeyd olunub.
Açıqlamada bildirilib ki, memorandumun imzalandığı tarixdən bu günə qədər İran yalnız xoşməramlılıq nümayiş etdirib və bütün potensialı ilə sənəd üzrə öz öhdəliklərini yerinə yetirməyə çalışıb:
"Buna baxmayaraq, ABŞ hökuməti dəyişməz vərdişinə uyğun olaraq, öz öhdəliklərini pozmaqla yanaşı, bu addımlarını müxtəlif bəhanələrlə əsaslandırmağa cəhd edir. İranın Xarici İşlər Nazirliyi ABŞ tərəfindən müqavilənin pozulmasının yaradacağı fəsadlar barədə xəbərdarlıq edərək bildirir ki, Tehran öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görəcək".
Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyindən İran neftinin hasilatına, tədarükünə və satışına icazə verən ümumi lisenziyanı geri götürüldüyünü bildirilib./oxu.az