Medianews.az
3,8 milyard insan təhlükədə:
151 baxış

3,8 milyard insan təhlükədə: Görünməyən fırtına yaxınlaşır

İqlim dəyişiklikləri nəticəsində artan quraqlıq qum və toz fırtınalarının həm tezliyini, həm də gücünü artıraraq qlobal təhlükəyə çevirib.

Medianews.az xəbər verir ki, təxminən 3,8 milyard insana təsir edən bu təbii hadisələr ciddi sağlamlıq riskləri yaradır.

Alimlərin məlumatına görə, xüsusilə Afrika, Yaxın Şərq və Asiyanın quraq bölgələrində toz fırtınaları daha tez-tez müşahidə olunur. Bu fırtınalar hava çirklənməsini artırır və milyonlarla insan hər gün bu toz hissəciklərinə məruz qalır.

Türkiyənin Boğaziçi Universitetinin professoru Murat Türkeş bildirib ki, iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq zonaları genişlənir və yeni toz fırtınası mənbələri yaranır. O qeyd edib ki, bu proses Türkiyə də daxil olmaqla Aralıq dənizi regionuna ciddi təsir göstərir.

Alimlərin fikrincə, toz fırtınalarının təxminən 25 faizi insan fəaliyyəti ilə bağlıdır və onların əsas mənbələri Şimali Afrika, Ərəbistan və Yaxın Şərq çölləridir. Bu hissəciklər hava axınları ilə minlərlə kilometr məsafəyə daşına bilir.

Mütəxəssislər bildirir ki, qum və toz fırtınaları təkcə iqlimi deyil, kənd təsərrüfatını, su ehtiyatlarını və məhsuldarlığı da azaldır.

Həkimlər xəbərdarlıq edir ki, bu fırtınalar astma, KOAH, sətəlcəm, ürək tutması, insult və hətta menenjit kimi xəstəliklərə səbəb ola bilər. Kiçik toz hissəcikləri ağciyərlərin dərin qatlarına qədər gedərək qan dövranına qarışa bilir.

Risk qruplarına uşaqlar, yaşlılar, xroniki xəstələr və açıq havada çalışan insanlar daxildir. Uzunmüddətli təsir xroniki ürək və ağciyər problemlərini artırır.

Həkimlər toz fırtınası günlərində:

  • çölə çıxmamağı;
  • pəncərələri bağlı saxlamağı;
  • N95 və ya FFP2 maskalarından istifadə etməyi;
  • bol su içməyi tövsiyə edirlər.

Alimlər eyni zamanda iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsini, yaşıllaşdırma layihələrinin artırılmasını və yağış sularının toplanması kimi tədbirlərin genişləndirilməsini vacib sayırlar.

Medianews.az

Bizə qoşulun